Dizayn müsabiqəsində türkdilli ölkələrin sənətkarları iştirak edəcək

TÜRKSOY-un və Türkiyənin Bolu Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Bolu şəhərində Koroğlu parkının salınması üçün beynəlxalq dizayn müsabiqəsinə start verilib. Bu münasibətlə yanvarın 21-də TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bolu bələdiyyəsi başqanı Ələddin Yılmaz, Bolu valisi Aydun Baruşun iştirakı ilə mətbuat konfransı keçirildi.

TÜRKSOY-un baş katibliyinin binasında gerçəkləşən tədbirdə əvvəlcə Bolu beynəlxalq Koroğlu festivallarında düzənlənən rəsm yarışmasının qalib əsərlərindən ibarət “Gənclərin gözü ilə Koroğlu rəsm sərgisi”nin açılışı oldu.
Mətbuat konfransında çıxış edən D.Kaseinov bildirdi ki, TÜRKSOY ortaq mədəni mirasımızı qoruyaraq gələcək nəsillərə ötürülməsi ilə bağlı fəaliyyətini davam etdirir. Türk xalqlarının ortaq qəhrəmanı olan Koroğlu ilə bağlı sənət yarışması da bu qəbildəndir: “Balkanlardan Orta Asiyaya uzanan diyarlardakı hər qarış torpaqda Koroğlunun ayaq izlərinə rast gəlmək olar. Bu izlər türk mədəniyyət coğrafiyasının nə qədər geniş olduğunu bizlərə bir daha xatırlatmaqdadır. Müsabiqəyə qatılacaq hər bir sənətkar mədəniyyət elçilərimiz olaraq fəaliyyətləri ilə dünyaya qardaşlıq və sevgi mesajlarını göndərəcək”.
Ələddin Yılmaz bildirdi ki, Boluda Koroğlu parkı salınmasının əsas məqsədi türkdilli respublikaları bir araya gətirməkdir: “Biz ədalətin və igidliyin simvolu olan Koroğlunu dünyaya anlatmaq, bu əfsanəni Boluda bütün dünyaya duyurmaq üçün yola çıxdıq. Koroğlu bir simvoldur və biz onu Bolu ilə birləşdirərək təqdim etmək istəyirik. Parkda Ankara-İstanbul nəqliyyat yolundan belə görünəcək 30 metr hündürlüyündə heykəl ucaldılacaq. Eyni zamanda Türk Dünyası Araşdırma və Mədəniyyət Mərkəzi, eyni zamanda Koroğlu Mərkəzi tikiləcək”.
Koroğlunun qəhrəmanlıq və sevgi dastanı yazdığını vurğulayan Bolu valisi Aydun Baruş bu ortaq dəyərin Boluda yaşadılmasının ayrı bir qürur mənbəyi olduğunu dilə gətirdi.
Çıxışlardan sonra TÜRKSOY və Bolu Bələdiyyəsi arasında işbirliyi protokolu imzalandı.
Qeyd edək ki, Koroğlu heykəli və tikiləcək binalar üçün dizayn müsabiqəsinə avqustun 1-nə qədər müraciət etmək mümkündür. Müsabiqənin jürisi beynəlxalq dərəcəli memar və heykəltəraşlardan ibarət olacaq. Birinci yerin qalibinə 50 min, ikinciyə 30 min, üçüncüyə isə 20 min lirə mükafat veriləcək. Müsabiqənin nəticələri avqustun 19-dan 21-nə qədər düzənlənəcək Koroğlu festivalında açıqlanacaq.

Mehparə Sultanova
Ankara