Azərbaycanda Fransa filmləri festivalının keçirilməsi təklif edilib

Fevralın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşez ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində mövcud əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Səfir Azərbaycanda çalışmaqdan məmnunluğunu ifadə edərək bildirib ki, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, təbiəti onda çox yüksək təəssüratlar yaradıb.
Söhbət zamanı mədəniyyət və turizm sahələri üzrə bir sıra layihələr haqqında fikir mübadiləsi aparılıb, musiqi, incəsənət, muzey, mətbəx, arxeologiya və s. sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Səfir Azərbaycanda Fransa kinosu festivalının keçirilməsini təklif edib və bu çərçivədə şəhər və regionlarda filmlərin nümayişi, ustad dərslərinin keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Nazir Əbülfəs Qarayev bu ilin 25-27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında səfirə məlumat verib və Forumun ölkələrarası əməkdaşlığa əlavə töhfə verəcəyini deyib.

BMT nümayəndəsi ilə turizm sahəsində əməkdaşlıq müzakirə olunub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev həmin gün BMT-nin İnkişaf Proqramının (UNDP) ölkəmizdə rezident səlahiyyətlərini icra edən Ercan Murat ilə də görüşüb.
Nazir təşkilatla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirib ki, bu vaxta qədər həyata keçirilən layihələr uğur qazanıb və mədəniyyət və turizm sahələrində əhəmiyyətli rola malik olub.
Görüşdə turizmin təbliği, turizm təhsili üzrə təcrübə mübadiləsinin aparılması, dünya təcrübəsinin ölkəmizdə tətbiqi kimi məsələlər müzakirələr edilib və bu sahədə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir diplomata 25-27 apreldə Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması haqqında məlumat verib.