Aksiya çərçivəsində balaca oxuculara kitablar hədiyyə olundu

Fevralın 14-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Park bulvar” ticarət və istirahət mərkəzində “Kitab tutan əllər” adlı aksiya keçirildi. Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş aksiyanın keçirilməsində əsas məqsəd kiçikyaşlı oxucuların kitaba marağını artırmaq, onlara mütaliə mədəniyyətini və vətənpərvərlik hisslərini aşılamaqdan ibarətdir.
Bu barədə məlumat verən Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova mədəniyyət təqvimində ən gənc bayramlardan olan Beynəlxalq Kitab Bağışlama Gününün (İnternational Book Giving Day) artıq 4-cü dəfə qeyd olunduğunu bildirdi: “Kitabxanamız da bu bayram tədbirinə öz töhfəsini verməyə çalışır. Tədbirlərimizə qatılan hər bir kiçikyaşlı oxuculara uşaq ədəbiyyatı nümunələri hədiyyə olunur. Bura Azərbaycan və xarici müəlliflərin əsərləri və “Göy qurşağı” uşaq jurnalı daxildir. Bu il keçirdiyimiz aksiyaya “Altun kitab” və “İpək yolu” nəşriyyatları, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Pətək” İctimai Birliyi də qoşulub”.
Direktor həmçinin qeyd etdi ki, aksiya çərçivəsində uşaq ədəbiyyatından hazırlanan suallardan ibarət viktorina keçiriləcək. Viktorinada qalib gələn uşaqlara xüsusi kitablar hədiyyə olunacaq. Bu tədbirlər bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, kitabları uşaqlara nağıl personajlarından Cırtdan və Tıq-tıq xanım hədiyyə edirdi. Aksiyaya dəstək üçün uşaq yazarlarından Sevinc Nuruqızı və Gülzar İbrahimova da öz kitabları ilə balaca oxucuları sevindirdilər. Böyük yaş qrupuna aid olan oxucular da yaddan çıxmamışdı. Belə ki, “Köhnə kitablarınız - onlar oxuyanlar üçün yenidir” adlı sərgidə nümayiş olunan kitablar da oxuculara hədiyyə edildi.
Günün sonunadək davam edən aksiyada uşaqlara kitabxana tərəfindən 680 nüsxəyə yaxın uşaq ədəbiyyatı nümunələri və “Göy qurşağı” dərgisi hədiyyə olundu.
Fariz Hüseynov