Fevralın 22-də Afinadakı “Ideal Cinema” kinoteatrında ABŞ və Litva kinematoqrafçıların birgə istehsalı olan “Endless Corridor” (“Sonsuz dəhliz”) adlı sənədli filmin nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime - Armenia in the Dock”) kitabının təqdimatı keçirilib.
Anım gecəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilib.
Mərasimdə çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev Xocalıda baş vermiş vəhşiliklərin miqyasının dünya ictimaiyyətinə çatdırılması üçün 2008-ci ildən davam edən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə məlumat verib. Bildirib ki, belə faciələrin bir daha təkrarlanmaması üçün dünya Xocalıya ədalət çağırışına səs verməlidir.
“Sonsuz dəhliz” sənədli filminin litvalı rejissoru Aleksandras Brokas layihə barədə danışıb. “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının redaktoru İan Peart nəşr barədə məlumat verib: “Ümid edirəm ki, bu kitabı oxuyandan sonra insanlar özlərinə sual edəcəklər: “Kömək etmək üçün mən nə edə bilərəm?”
Kitaba Xocalı hadisələrinin canlı şahidləri ilə müsahibələr, beynəlxalq mətbuatda dərc olunmuş materiallar, xarici tədqiqatçıların araşdırmaları, beynəlxalq təşkilatlardan hesabatlar və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir şəkillər daxildir.
Qeyd edək ki, 2015-ci ildə beynəlxalq premyerası keçirilən ekran əsəri Madrid, Milan və digər film festivallarında mükafata layiq görülüb.