Fevralın 29-da “Trend” mətbuat mərkəzində Azərbaycan Milli Kulinariya Mərkəzinin İstanbulda keçirilən Beynəlxalq Mətbəx Günləri və Malta Beynəlxalq Kulinariya Çempionatında iştirakına həsr olunmuş mətbuat konfransı keçirildi.

Milli Kulinariya Mərkəzinin prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov hər iki yarışma barədə məlumat verdi.
Bildirdi ki, fevralın 10-dan 16-dək İstanbulda 19-cu Beynəlxalq Mətbəx Günləri keçirilib. Tədbirdə ölkəmizi “Azərbaycan” və “Naxçıvan” adı altında 2 komandamız təmsil edib. Eyni zamanda kulinarlarımız 16 fərdi yarışda iştirak ediblər. Komanda yarışlarında “Azərbaycan” komandası bürünc, “Naxçıvan” komandası isə “qara qutu” yarışmasında gümüş medal qazanıb. Fərdi yarışlarda isə kulinarlarımız bir qızıl, 4 gümüş, 13 bürünc medala sahib olublar.
Yarışda Türkiyə, Koreya, Serbiya, Bolqarıstan, Makedoniya, Pakistan, İran, Gürcüstan və digər ölkələrin təmsilçiləri milli mətbəx nümunələrini təqdim ediblər. Ümumilikdə beynəlxalq tədbirə 14 ölkədən 1600 iştirakçı qatılıb.
Fevralın 16-dan 22-dək Maltada keçirilən Beynəlxalq Kulinariya Çempionatında isə müxtəlif ölkələrdən 200-ə yaxın iştirakçı iştirak edib. Komandamız Maltada 7 bürünc medal qazanıb. Bununla da iki yarışmada qazanılan medalların sayı 25-ə çatıb.
Sonda Tahir Əmiraslanov komandalarımızın hər iki beynəlxalq yarışmada iştirakını təmin etdikləri üçün Mədəniyyət və Turizm Nazirliyinə, Türkiyənin Azərbaycandakı səfirliyinə və Bakıdakı Yunus Əmrə İnstitutuna öz minnətdarlığını bildirdi.
Qeyd edək ki, Milli Kulinariya Mərkəzinin prezidenti hər iki çempionatda münsiflər heyətində təmsil olunub.

F.Hüseynov