Prezident İlham Əliyev Ümumdünya Turizm Təşkilatı baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Taleb Rifainin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Təşkilatın baş katibi Taleb Rifai ölkəmizə ötən səfərlərini və həmin səfərlər çərçivəsində Prezident İlham Əliyev ilə görüşlərini xatırlayıb. Baş katib bu görüşlər zamanı müzakirə olunan bir çox məsələlərin, o cümlədən vizaların verilməsi, aşağı büdcəli uçuşların həyata keçirilməsi ilə bağlı işlərin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilməsini məmnunluqla qeyd edib. Qonaq hər səfərində şəhərimizin gözəlliyinin onda xoş təəssürat yaratdığını deyib.
Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə keçirdikləri görüşləri məmnunluqla xatırlayan dövlət başçısı Azərbaycanda turizmin inkişafına göstərdiyi dəstəyə görə ona minnətdarlığını bildirib, qonağın verdiyi məsləhətlərin bu baxımdan əhəmiyyətini qeyd edib.
Azərbaycanda turizmin daim prioritet sahələrdən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizin əlverişli coğrafi mövqeyinin, gözəl təbiətinin yaxşı imkanlar yaratdığını deyib. Dövlət başçısı dünyada iqtisadi böhranın mövcud olduğu indiki zamanda turizm sahəsinin yeni iş yerlərinin yaradılması, ölkəyə maliyyə axınının təmin edilməsi və digər məsələlər baxımından əhəmiyyətini qeyd edərək Azərbaycanda turizm sektorunda islahatların davam etdirildiyini bildirib. Prezident görülən işlər nəticəsində Azərbaycana səfər edəcək turistlərin sayının daha da artacağına ümidvar olduğunu söyləyib.
Görüşdə Azərbaycanda turizm xidmətlərinin genişləndirilməsi, turizmin iqtisadiyyatın digər sahələri ilə əlaqələndirilməsi, ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.