Əməkdaşlıq memorandumu imzalanıb

Martın 9-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə “Azad Azərbaycan” teleradio şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov və “ATV Kitab” layihəsinin və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu imzalayıblar.
Memorandumun şərtlərinə görə, Bakıda və paytaxtın rayonlarında uşaq, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, onların bədii ədəbiyyata və mütaliəyə marağının artırılması məqsədilə müxtəlif mədəni tədbirlərin təşkili nəzərdə tutulur. ATV kanalı “Parlaq imzalar” nəşriyyatı ilə birgə reallaşdırılan, “ATV Kitab” layihəsinə daxil olan nəşr nümunələri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən alınıb gənc oxuculara çatdırılacaq. Eləcə də idarənin xətti ilə il ərzində təşkil olunan görüş və tədbirlər ATV kanalında işıqlandırılacaq.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov ATV kanalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm tərkib hissəsi mədəniyyətlə bağlıdır. Bu sahədə ölkəmizdə genişmiqyaslı işlər görülür. Beynəlxalq mədəni və humanitar tədbirlər gerçəkləşdirilir. Ölkədə ildən-ilə daha çox yeni kitablar nəşr olunur və tərcümə edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf strategiyası bu gün daha çox gənc nəslə - Azərbaycanın gələcəyinə xidmət edir. Mehriban xanım uşaqlarla görüşlərində onlara tövsiyə edir ki, kitab oxuyun. Çünki kitablar, bədii ədəbiyyat həyatlarında sizə çox lazım olacaq və heç bir kompüter kitabı əvəz edə bilməz.
İdarə rəisi onu da diqqətə çatdırıb ki, bu ilin fevralında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin tabeliyində olan kitabxanalarda uşaq ədəbiyyatının təbliğ edilməsi ilə bağlı əmr imzalayıb: “Biz də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi olaraq mədəniyyət siyasətinə və strategiyasına öz kiçik töhfəmizi vermək, gələcək nəsildə kitaba, ədəbiyyata marağı artırmaq istəyirik...”.
“ATV Kitab” layihəsinin rəhbəri Səlim Babullaoğlu artıq bir neçə aydır ki, “Parlaq imzalar” nəşriyyatı ilə birgə dünya ədəbiyyatı, uşaq ədəbiyyatı və yeni milli ədəbiyyat nümunələrinin nəşri ilə məşğul olduqlarını deyib və bundan sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə həyata keçiriləcək müxtəlif görüş və tədbirlərin kitabın təbliği baxımından uğurlu zəmin yaradacağını vurğulayıb.