BMT-nin mənzil-qərargahında simpozium keçirilib

Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin BMT-dəki daimi nümayəndəliklərinin təşkilatçılığı ilə “İpək Yolu-2030” layihəsi üzrə simpozium keçirilib.

Tədbirdə BMT yanında xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, türk dünyasının tanınmış alimləri, digər qonaqlar iştirak ediblər.
Simpoziumda çıxış edənlər bildiriblər ki, yeni “İpək Yolu” layihəsi Avrasiya qitəsində Şərqdən Qərbə - Çindən Mərkəzi Asiyaya, Xəzər regionu və Türkiyəyə qədər ticarət yollarını yenidən birləşdirməklə yanaşı, ölkələr arasında iqtisadi, siyasi və mədəni inkişaf sahəsində böyük rola malik olacaq.
Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris layihənin əhəmiyyətini vurğulayıb: “Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında uzun müddətdir ki, dostluq əlaqələri qurulub. Son on ildə doqquz dəfə Bakıda olmuşam. Azərbaycan ABŞ üçün çox əhəmiyyətli bir ölkədir. Təşkilatımızın əsas məqsədlərindən biri də odur ki, biz Azərbaycan ilə ABŞ arasında daha sıx əməkdaşlıq əlaqələri yaradaq. Onu da qeyd edim ki, yeni “İpək Yolu” layihəsində Azərbaycanın əvəzolunmaz yeri var”.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva simpoziumda çıxış edərək bildirib ki, tarixi “İpək Yolu” üzərində yerləşən Azərbaycan əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ölkəmizdə tolerantlığın və mədəni, dini müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığı diqqətə çatdırıb. Qeyd olunub ki, mərkəz ötən dövrdə Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlər həyata keçirib. 2015-2016-cı dərs ilində artıq 11 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.
Tədbirin sonunda türk dünyasının görkəmli alimlərinə mükafatlar təqdim olunub.