Aprelin 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov İranın Payam Noor Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Direktor kitabxana haqqında qonaqlara ətraflı məlumat verib, son illər yaradılan yeni imkanlar, iş prosesinin avtomatlaşdırılması barədə danışıb, qonaqları maraqlandıran sualları cavablandırıb.
Universitet haqqında məlumat verən prorektor Atosa Vaziri Payam Noor tədris ocağının İranda ən iri ali məktəblərdən biri olduğunu bildirib. Qeyd olunub ki, universitet və filiallarında 4 min nəfər elmi heyət olmaqla ümumilikdə 8 min işçi çalışır. O, universitetin zəngin kitabxanasından söz açıb, gələcəkdə Azərbaycanın ən iri kitabxanası ilə də əməkdaşlıq etmək arzusunda olduqlarını söyləyib.
Hər iki kitabxananın kitabxanaçıları üçün treninqlərin, telekonfransların keçirilməsinin də maraqlı ola biləcəyi diqqətə çatdırılıb. Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.