Tarix boyu fateh hökmdarlara onlardan sonra gələn nəsillər tərəfindən münasibət fərqli olub. Onların hünərinə heyran qalıblar, ya əməllərini təftiş ediblər, ya da görməzdən gəliblər. Təbii ki, hər bir münasibət zamandan, şəraitdən, siyasi quruluşdan asılı olaraq dəyişib. Belə bir münasibəti türk dünyasının iki böyük fatehi - Şah İsmayıl Xətai və Zəhirəddin Məhəmməd Babur da yaşayıb.

Aprelin 8-də R.Behbudov adına Dövlət Mahnı Teatrında bir-biri ilə dostluq və diplomatik əlaqələr saxlamış iki görkəmli dövlət xadimi və şairə həsr olunmuş maraqlı bir tədbir düzənləndi. «İki sərkərdə, iki şair» adlı tədbirin təşkilatçıları Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti, Özbəkistanın ölkəmizdəki səfirliyi və Azərbaycan Yaradıcılıq Fondu idi.
Tədbirə gələnləri teatrın foyesində Özbəkistan səfirliyi tərəfindən hazırlanmış bu ölkə sənətkarlarının əl işləri və suvenirlərdən ibarət sərgi qarşılayırdı.
Respublikanın Əməkdar artisti Şükufə Musayeva və Məmməd Məmmədovun apardığı ədəbi-bədii gecədə öncə Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Eldar İbrahimov çıxış etdi. O, əvvəlcə Qarabağ cəbhəsindəki son olaylardan, əsgərlərimizin qəhrəmanlığından söz açdı.
Sonra belə tədbirlərin xalqlararası münasibətlərdə əhəmiyyətindən bəhs edərək bildirdi ki, Şah İsmayıl Xətai Azərbaycan xalqının həyatında, Zəhirəddin Məhəmməd Babur isə özbək və Orta Asiya xalqlarının həyatında mühüm rol oynayıb: “Dövlətçilik ənənəsinə sahib olmaq hər xalqın taleyinə yazılan qismət deyil. Biz Azərbaycan türkləri olaraq dünya mədəniyyətinə verdiyimiz əvəzsiz töhfələrlə yanaşı, həm də tarixin dərin qatlarına gedib çıxan zəngin dövlətçilik irsinin varisləriyik. Dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri isə şübhəsiz ki, Şah İsmayıl Xətainin adı ilə bağlı olan Səfəvilər dövlətidir. 1501-ci ildə Şah İsmayıl Xətainin başçılığı altında yaradılan Azərbaycan Səfəvilər dövləti tariximizdə mərkəzləşmiş dövlətçiliyin əsasını qoyub. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Şah İsmayıl Xətainin tarixi missiyası haqqında yazdığı əsərində qeyd edir ki, siyasi xaos və birliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır. Bu, həqiqətən də, belədir”.
Natiq vurğuladı ki, hər iki xalqın böyük oğulları Şah İsmayıl Xətai və Zəhirəddin Məhəmməd Baburun öz xalqları üçün arzuladığı, amalı uğrunda vuruşduğu müstəqillik istəyi təxminən beş əsr sonra gerçəkləşdi.
Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyev ölkələrimiz arasında tarixi dostluq əlaqələrindən danışaraq söylədi ki, Zəhirəddin Məhəmməd Baburun ədəbi irsinin şah əsəri olan “Baburnamə”də dahi Nizami Gəncəvinin, astronom və riyaziyyatçı Nəsirəddin Tusinin, həmçinin xalqlarımızın hörmət bəslədiyi digər görkəmli şəxsiyyətlərin adları çəkilir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Quliyevin ssenari müəllifi olduğu «İki sərkərdə, iki şair» ədəbi-bədii məclisində hələ uşaq yaşında hakimiyyət başına gələn, oxşar taleli iki hökmdarın görüşü də təsvir edilmişdi. Əməkdar artist Rafiq İbrahimov Şah İsmayılın, Ağazadə Həsənov isə Şah Baburun obrazlarını canlandırdılar. Əməkdar artist Munis Şərifovun rəhbərliyi altında Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin nəzdindəki Qədim xalq çalğı alətləri ansamblının təqdim etdiyi musiqi parçaları, Xalq artisti Simarə İmanova və Əməkdar artist Nuriyyə Hüseynovanın Xətai və Baburun qəzəllərini muğam üstündə ifası tamaşaçılar tərəfindən maraqla qarşılandı.

G.Mirməmməd