Aprelin 4-dən 8-dək Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpaçı-rəssamlar üçün “Muzey sərvətlərinin qorunması bərpaçı-konservatorların başlıca vəzifəsidir” mövzusunda təlim kursu təşkil edilib.

Ayın 8-də kursu bitirənlərə sertifikatlar təqdim olundu.
Tədbirdə çıxış edən mərkəzin direktoru, sənətşünas Zərifə Məlikova bildirdi ki, layihənin başlıca məqsədi bərpaçı-rəssamların muzey əşyalarının mühafizəsinə, bərpa və konservasiya üsullarına dair ümumi biliklərinin təkmilləşdirilməsi, onlara vəzifə borclarına aid məsləhət və tövsiyələr verilməsi, bərpa və konservasiya üsullarının təcrübədə nümayiş etdirilməsidir. Kurslarda Azərbaycan Milli İncəsənət Muzeyinin, Neftçala, Beyləqan, Quba tarix-diyarşünaslıq muzeylərinin, Mingəçevir Şəhər Tarix Muzeyinin, Sabit Rəhmanın (Şəki), Həzi Aslanovun (Lənkəran) ev-muzeylərinin bərpaçı-rəssamlarına mərkəzin əməkdaşları tərəfindən nəzəri və təcrübi dərslər keçilib.
Kursun proqramına uyğun olaraq iştirakçılar Milli İncəsənət və Xalça muzeyləri, habelə Üzeyir Hacıbəylinin ev-muzeylərinə ekskursiya edərək, mədəniyyət ocaqlarının ekspozisiyaları, fondları ilə yaxından tanış olublar. İştirakçılar həmçinin Xalça və Milli İncəsənət muzeylərinin bərpa laboratoriyalarında aparılan bərpa və konservasiya proseslərini izləmək imkanı əldə ediblər.
Sonra mərkəzin iş fəaliyyəti barədə məlumat verən direktor Bakıda səfərdə olan muzey işçilərinə kömək göstərilməsinə hər zaman hazır olduqlarını bildirdi. Qeyd olundu ki, bərpaçı sənəti çox məsuliyyət tələb edir. Burada bərpa təkcə əşyanın görkəmini qaytarmır, eyni zamanda müxtəlif sənət məktəblərinə və üslublara, tarixi faktlara xas olan bədii və texnoloji vasitələrin hərtərəfli öyrənilməsinə şərait yaradır: “Bu işin bir hissəsi də tədqiqatdır. Bu günə qədər bərpaçılarımız yüzlərlə mədəniyyət abidəsinə ikinci həyat verib və bu peşə üzrə mütəxəssislərin yetişməsi vacibdir”.
Kursun iştirakçıları onlara yaradılan şəraitə, təlim müddətində dolğun biliklər əldə etdiklərinə görə mərkəzin əməkdaşlarına minnətdarlıqlarını bildirdilər.
Sonda təlim kursunu bitirənlərə Mədəniyyət və Turizm Nazirliyinin sertifikatları təqdim edildi.

Lalə Azəri