“Nofəl Tahirzadə - müstəqil Azərbaycan dövləti uğrunda mücahid” kitabının təqdimatı

Aprelin 8-də İstiqlal Muzeyinin ekspozisiya zalında Bakı Avrasiya Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadənin “Nofəl Tahirzadə - müstəqil Azərbaycan dövləti uğrunda mücahid” kitabının təqdimatı keçirildi.

Tədbiri muzeyin direktoru Fəridə Şəmsi açaraq bildirdi ki, Nofəl Tahirzadə 70-ci illərdə bütöv və müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda gizli mübarizə aparıb. Kitabda qeyd olunur ki, o, dövlətin gerbini və bayrağını, müstəqil Azərbaycan Ordusu qərargahının sxemini, ordunun hərbi Nizamnaməsini, əsgər və zabitlərin geyim formalarını, Azərbaycanın milli əlifbasını hazırlayıb. Memar, rəssam, yazıçı, şair, tarixçi olmaq arzusu ilə öz üzərində çalışıb və əsasən də buna nail olub.
Kitabda mərhumun atası Şərif Tahirlinin “Azərbaycanın müstəqilliyini görə bilmədi”, Tənzilə Tahirovanın “Onu doğma balamız kimi istəyirdik”, Xaləddin Tahirlinin “Mənim yaddaşımdakı Afər”, Aygün Əhmədovanın “Cibində yolpulu da saxlamamışdı” və başqa xatirə yazıları yer alıb.
Nəşrin müəllifi - Nofəlin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadə diqqətə çatdırdı ki, bu gün həyatımızda ən sevindirici günlərdən biridir. Azərbaycan Ordusu işğal altında qalan torpaqlarımızda düşmənə zərbə vurub. Nofəl hələ 1975-ci ildə Azərbaycanın müstəqilliyi haqda düşünürdü. Özünü bu gün üçün hazırlayırdı.
Qeyd olundu ki, N.Tahirzadə 5 sentyabr 1955-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Orta məktəbi 1972-ci ildə bitirib, Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Təyinatla 1977-ci ildə Rusiyanın Saransk şəhərinə göndərilib. 6 avqust 1978-ci ildə həmin şəhərdə müəmmalı şəkildə həlak olub.
Hərb tarixçisi Şəmistan Nəzirli bildirdi ki, kitabı oxuduqca Nofəlin 23 yaşında fərqli düşüncə sahibi olduğu anlaşılır. Bu onun qeyri-adi istedadından xəbər verir. Sovet hökumətinin ən güclü, qorxulu vaxtlarında milli hökumət, müstəqillik haqqında düşünmək və düşüncələrini qələmə almaq çox böyük cəsarət tələb edirdi. Kitabın elmi redaktoru, professor Kərim Şükürov, Təhsil Nazirliyinin məsul işçisi, filologiya üzrə fəlsəfə doktoru Əsgər Quliyev, nəşrin tərtibçisi Zinyət Əlibəyli və başqaları çıxış edərək fikirlərini bölüşdülər. Çıxışları mərhumun şagird və tələbəlik illəri ilə bağlı video-slayd müşayiət edirdi.
Çıxışlardan sonra tədbir iştirakçıları N.Tahirzadəyə həsr olunmuş sərgiyə baxdılar.
Tədbirdə Nofəl Tahirzadənin qohumları və dostları, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dillər Universitetinin tələbələri, Daxili Qoşunların əsgərləri iştirak edirdi.

Savalan Fərəcov