Xəbər verildiyi kimi, aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammiti işə başlayıb. Sammit öncəsi İstanbulda İƏT Gənclər Forumunun gənc liderlər toplantısı da keçirilib.
Toplantıda İƏT-ə üzv olan ölkələrin aparıcı müsəlman azlıqlarını təmsil edən 200-ə yaxın gənc liderlə yanaşı, 8 ölkənin gənclər və idman nazirləri, 6 beynəlxalq təşkilatın rəhbərləri və dünyanın bir sıra aparıcı elm və ictimai xadimləri, ekspertlər iştirak ediblər. İki gün davam edən panel və işçi qrup müzakirələri zamanı yaxın illərdə İƏT-in gənclik siyasətinin əsas parametlərini özündə əks etdirən Gənclik Strategiyası qəbul edilib.
Bağlanış mərasimində çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilk dəfə olaraq keçirilən İƏT gənclər zirvə toplantısının əhəmiyyətini yüksək qiymətləndirib. O, tədbirin yekun sənədində gənclərin inkişafı, təhsili və gənclər arasında işsizliyin aradan qaldırılması kimi mühüm problemlərin konkret və yaradıcı həlli təkliflərinin yer aldığını qeyd edib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser qəbul edilmiş yekun sənədin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun inkişafında və islamofobiya ilə mübarizədə İƏT gənclərinin səfərbər olunması üçün önəmli platforma rolunu oynayacağını qeyd edib.
Tədbir zamanı İƏT-ə üzv ölkələri və beynəlxalq təşkilatları təmsil edən 200-dən artıq gənc lider tərəfindən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı atdığı addımlara və haqq mövqeyinə xüsusi dəstək nümayiş etdirilib. Azərbaycanın son günlərdə öz ərazi bütövlüyünün müdafiəsi üçün işğalçı Ermənistan ordusunun təxribatlarına qarşı tutarlı cavab əməliyyatları dəstəklənib. Eyni zamanda sosial mediada Azərbaycana dəstəklə bağlı kampaniya təsis edilməsi, bununla bərabər artıq dünyada geniş yayılmış “Xocalıya ədalət!” kampaniyasına dəstək verilməsi təşəbbüsü irəli sürülərək qəbul olunub. Bu məqsədlə toplantı iştirakçıları əllərində Azərbaycan bayrağı ilə çəkdirdikləri şəkillərlə #SupportAzerbaijan həştəqli sosial şəbəkə kampaniyasına start verib.