Aprelin 13-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı və əlaqəli dövlət qurumlarının iştirakı ilə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin sektor müdiri Yaşar Hüseynli sözügedən sahə üzrə nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.
Sektor müdiri bildirib ki, ailə institutu olduqca mürəkkəb və çoxtərəfli fenomendir, sosiallaşma və tərbiyəvi baxımından cəmiyyətə “giriş qapısı” rolunu oynayır. Ailə institutunun sosiumun idarə və özünüidarə olunmasında əsas yükü daşıyan dövlətin diqqət mərkəzində olması təbii haldır. Mədəniyyət və Turizm Nazirliyinin də bu sahədə müvafiq fəaliyyəti var.
Azərbaycanın 2006-cı ildə qoşulduğu “Qeyri-maddi mədəni irsin qorunması haqqında” UNESCO Konvensiyasının tövsiyəsi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq mütəxəssislərin cəlb olunması şərti ilə, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” tərtib edilir. Reyestrdə ailə institutuna aid müvafiq kateqoriyalar, məfhumlar və qeyri-maddi mədəni irs nümunələri də öz əksini tapıb. Ağbirçək, ağsaqqal, böyük-kiçik, ailəcanlılıq, qonaqpərvərlik, qonşuluq, öyüd-nəsihət kimi məfhumlar bu qəbildəndir.
Siyahıya daxil edilən nümunələr üzrə müvafiq məlumat bazasının toplanaraq media və internet vasitəsilə geniş təqdim olunması Azərbaycan ailəsi fenomeninin təbliği və möhkəmləndirilməsinə xidmət edəcək.