Bu gün Azərbaycan xalqının ürəyi cəbhə xəttindəki qəhrəman oğullarının yanındadır. Son günlər hərbçilərimizin işğalçı qoşunlarla döyüşlərdə göstərdiyi rəşadət hər kəsdə ordumuzla iftixar hissini gücləndirib.
Belə bir şəraitdə gənclərin vətənpərvər ruhda tərbiyə olunması xüsusilə aktualıq kəsb edir. Azərbaycan tarixində olmuş qəhrəmanlar kimi, bugünkü real qəhrəmanlar, igid əsgərlərimiz, şəhidlik zirvəsinə ucalan vətən oğullarının keçdiyi yol gənclər üçün həyat məktəbidir.
Səbail rayon MKS-nin 3 saylı filialının əməkdaşları və oxucuları aprelin 13-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında olub, cəbhədə gedən döyüşlərdə yaralanan əsgərlərlə görüşüblər.
Kitabxana əməkdaşları yaralı əsgərlərə maraqlı kitablar təqdim edib, məktəbli oxucular vətəni vəsf edən şeirlər söyləyiblər. 49 saylı intellekt liseyinin 4-cü sinif şagirdi Amil Həbiblinin Vətən haqqında söylədiyi şeirlər və 35 saylı musiqi məktəbinin 10-cu sinif şagirdi Ülvi İsmayılzadənin ifa etdiyi musiqi nömrələri əsgərlərin ürəyincə olub, onlara xoş anlar bəxş edib.