“Multikulturalizm ili” çərçivəsində təşkil olunan festivalın iştirakçıları ölkəmizdə yaşayan azsaylı xalqların mədəni irsi, folklor örnəkləri, kulinariyası və müxtəlif sənət nümunələrini nümayiş etdirən sərgi ilə tanış oldular. Qubanın Xınalıq kəndidə yaşayan xınalıqlıların, Qırmızı qəsəbədən dağ yəhudilərinin, Qusardan ləzgilərin, Balakəndən avarların, Lənkərandan talışların, həmçinin İsmayıllıda yaşayan azsaylı xalqların adət-ənənəsi, musiqisi və rəqsləri təqdim olundu.
Sonra festival qoruq ərazisindəki “Atəşgah” restoranında rəsmi mərasimlə davam etdi. Əvvəlcə ölkəmizdə tarixi abidələrin qorunması, təmir-bərpa olunması, yeni qoruqların yaradılması və bu sahənin inkişafı üçün atılan addımlardan bəhs edən videoçarx nümayiş olundu.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə hər kəsi təbrik edərək əlamətdar günün ölkəmizdə də geniş qeyd olunduğunu bildirdi: “Bu gün bütün dünyada tarixi yerlərə, bəşəriyyətin tarixi irsinə diqqət yetirilir, müxtəlif tədbirlər keçirilir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra dünyanın mədəni xəritəsində öz layiqli yerini tutub. Ölkəmizin zəngin mədəniyyətinin bir sıra nümunələri artıq bəşəriyyətin ümumi mədəni irsinə çevrilib”.
Vurğulandı ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tarixi abidələrin qorunması, bərpası ilə bağlı ciddi işlər həyata keçirilir: “Ölkə başçısının sərəncamı ilə yeni qoruqlar yaradılır, tarixi yerlər, abidələr aşkar olunaraq bərpa edilir. Azərbaycan xalqının mədəni dəyərlərinin qorunub saxlanılmasında və tanıdılmasında Heydər Əliyev Fondunun da böyük payı var. Fondun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün mühüm işlər görülür”.
Hazırda Şəki şəhərində yerləşən tarixi abidələrin UNESCO-nun mədəni irs siyahısına salınması üçün müvafiq işlər həyata keçirildiyini diqqətə çatdıran nazir növbəti illərdə Naxçıvandakı tarixi və memarlıq abidələrinin bu siyahıya salınması üçün addımlar atılacağını dedi.
Qeyd olundu ki, Azərbaycan müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin əmin-amanlıq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşadıqları unikal bir ölkədir. Əsrlərdir möhkəm dayaqlara, zəngin ənənəyə, dərin tarixə və mənəvi köklərə malik olan tolerantlıq Azərbaycan xalqının və dövlətinin milli-mənəvi dəyərinə çevrilib. Azərbaycan paytaxtı 25-27 apreldə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcək. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə mövcud olan multikultural dəyərlərə verilən önəmin nəticəsidir.
Əbülfəs Qarayev ölkəmizdə əsrlər boyu mövcud olan tolerantlıq ənənələrinin qorunduğunu vurğuladı, bu ənənələri dünyaya daha geniş şəkildə çatdırmağın vacibliyini qeyd etdi.
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin dünya ölkələrinə örnək olduğunu dedi: “Bu gün dünyada multikulturalizmə iki yanaşma mövcuddur. Onlardan biri Avropa ölkələrinin əksəriyyətinin də dəstəklədiyi bədbin yanaşmadır ki, onlar multikultural ənənələrin iflasa uğradığını bildirirlər. Amma ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikultural dəyərlərə hörmət, qarşılıqlı anlaşma və birgəyaşayış nümunəsi dünya ölkələrinə nikbin bir örnəkdir”.
Kamal Abdulla bildirdi ki, hazırda dünyanın 13 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bu universitetlərin sayı get-gedə artmaqdadır. Burada Azərbaycan multikulturalizminin təbliği ilə yanaşı, dünyada, xüsusən də Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi həyata keçirilir.
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov və Alban-Udin icmasının sədri Robert Mobili çıxış edərək ölkəmizdə azsaylı xalqların mədəniyyətinə və adət-ənənəsinə olan diqqət və qayğıdan danışdılar.
Sonda Azərbaycanın mədəni irsinin tədqiqində xidmətlərinə görə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov, “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun baş memarı Leyla Hüseynova və Xınalıq Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun əməkdaşı Həsən Ağayevə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları və pul mükafatları təqdim olundu.
Fariz Hüseynov