Qonaq Azərbaycanda alman irsinin qorunmasına görə ölkə rəhbərliyinə təşəkkür edib
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Almaniya Federativ Respublikası parlamentinin aşağı palatası - Bundestaqının üzvü Kristof Berqnerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir müavini iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın mövcud səviyyəsindən razılığını bildirərək gələcəkdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycanın təşəbbüsü ilə 2016-2017-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd ediləcəyini bildirən S.Məmmədəliyeva əlavə edib ki, bu, iki xalq arasında münasibətlərin zəngin tarixinin göstəricisidir.
Söhbət zamanı Azərbaycan Milli İncəsənət Muzeyi ilə Almaniyanın Etnologiya Muzeyi və Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyi arasında əməkdaşlıq barədə danışılıb, Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyinin əməkdaşları və Azərbaycan mütəxəssisləri tərəfindən Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin tədqiq olunduğu vurğulanıb. Nazir müavini ölkəmizin müstəqillik qazandıqdan sonra ikisi Bakıda, ikisi Göygöl və Şəmkirdə olmaqla 4 alman kilsəsinin (kirxa) təmir-bərpa edildiyini diqqətə çatdırıb.
Bildirib ki, 2008-ci ildə Almaniyada “Azərbaycan ili”nin keçirilməsi ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyəsini bir daha təsdiq edir.
Kristof Berqner Azərbaycanda alman irsinin qorunmasına görə ölkə rəhbərliyinə dərin təşəkkürünü ifadə edib, mədəni və tarixi bağların iki xalqı bir-birinə daha da yaxınlaşdırdığını vurğulayıb.
Nazir müavini alman deputatı Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlərə dəvət edib.