Multikulturalizm ili - 2016

Aprelin 15-də Milli Kitabxanada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrin - “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi keçirildi.

Mədəniyyət və Turizm Nazirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə təşkil olunan tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etdiyini diqqətə çatdırdı. Bildirdi ki, ölkə rəhbərinin sərəncamından irəli gələn məsələlərlə əlaqədar bir sıra tədbirlər həyata keçirilir ki, bugünkü təqdimat da həmin silsilədəndir. Direktor ölkəmizdə tarixən mövcud olmuş tolerant həyat tərzi və multikultural mühitin öyrənilməsi və təbliği baxımından nəşrin əhəmiyyətini vurğuladı.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə “Multikulturalizm ili”nin elan edilməsinin dünyaya bir çağırış olduğunu dedi. Nazir qeyd etdi ki, respublikamız hər zaman müxtəlif xalqların yaşadığı tolerant, multikultural məkan kimi tanınıb, Azərbaycanda multikulturalizmin tarixi keçmişi və gələcəyi var. Multikultural siyasət gələcəyə, inkişafa yönəlmiş siyasətdir. Azərbaycan tarixən fərqli mədəniyyətlərin qovuşduğu, çoxsaylı xalqların dinc yanaşı yaşadığı ölkə kimi multikultural sahədə böyük təcrübə əldə etmişdir. Son illər ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlər Azərbaycanın bu sahədə əldə etdiyi mühüm nailiyyətlərin təcəssümüdür.
Kitabın mahiyyəti haqqında danışan nazir əlavə etdi ki, nəşr dünyada multikulturalizmi ölü elan edən qüvvələrə qarşı ən layiqli cavab, multikulturalizmin mövcudluğuna və ölkəmizdə həyat tərzi olmasına güclü sübutdur. Nazir həmçinin kitabın elmi araşdırmaçılar və gələcək nəsillər üçün dəyərli vəsait olduğunu və digər dillərdə çapının vacibliyini də vurğuladı. Bildirdi ki, kitabın dünyanın aparıcı dillərinə tərcümə edilməsi Azərbaycanın multikultural dəyərlərinin tanıdılması istiqamətində uğurlu addımlardan biri olacaq.
Nəşrin elmi redaktoru, Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla çıxışında kitabın “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk toplu olduğunu dedi. Qeyd etdi ki, bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” kitabları da yaxın gələcəkdə işıq üzü görəcək. Kitab barədə danışan Kamal Abdulla bildirdi ki, xalqımıza xas olan tolerant, multikultural dəyərlərə “Kitabi-Dədə Qorqud” eposunda, Nizami Gəncəvidən üzü bu yana bir çox ədib və mütəfəkkirlərimizin yaradıcılığında rast gəlinir.
Kitabın rəyçilərindən AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetləri Şəbəkəsinin rəhbəri Ramazan Qorxmaz, kitabın tərtibçilərindən Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, BBMM-nin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərində əksini tapan multikultural dəyərlərin bu kitabda toplandığını, ayrı-ayrı dil və dinlərə mənsub xalqlara, həmin xalqların adətlərinə ehtiramın faktlarla öz əksini tapdığını söylədilər. Çıxışlarda nəşrin dəyər və əhəmiyyəti vurğulandı.
Təqdimatdan sonra tədbir iştirakçıları Milli Kitabxanada təşkil olunmuş “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisi ilə tanış oldular.

Lalə