Yığcam və illüstrativ təbliğat toplusu təqdim olundu
Aprelin 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzlə akademiyanın Folklor İnstitutunun birgə layihəsi olan “Qarabağ əfsanələri” toplusunun təqdimatı keçirildi.
Mərkəzin Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin müdiri Məzahir Qarayev tədbiri açaraq qurum tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verdi.
Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək nəşr haqqında fikirlərini bölüşdü. Bildirildi ki, layihənin əsas məqsədi milli-mədəniyyət nümunələrinin bədnam qonşularımız tərəfindən mənimsənilməsinin qarşısının alınması, Qarabağın mədəni irs örnəklərinin məhz Azərbaycan xalqına məxsusluğunu isbat etməkdir. Ermənilər tarixən bizə məxsus mədəni nümunələri özlərinə çıxıblar. Bu layihə ilə düşmənlə təbliğat savaşında öz töhfəmizi vermək istədik.
Qeyd edək ki, təbliğat xarakterli nəşr hər birində Qarabağ torpağından bir əfsanə və illüstrasiya əks olunmuş açıqcalar dəstindən ibarətdir. Toplu oxuculara, özəlliklə azyaşlılara Qarabağ folkloru haqqında yığcam və illüstrativ məlumat çatdırır. Çünki ilk növbədə vətəndaş öz folklorunu tanımalı və sevməlidir. Bu nəşr təhsil müəssisələrində də təqdim olunacaq, müxtəlif dillərdə çap ediləcək.
AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov toplunun əhəmiyyətindən danışdı. Qeyd olundu ki, topluda yer alan əfsanələr 2012-2015-ci illərdə institutun əməkdaşlarının iştirak etdiyi folklor ezamiyyətləri zamanı toplanıb. Elmi-Metodik Mərkəzlə AMEA arasında milli dəyərlərin təbliği sahəsində layihələrin davamlı olacağı vurğulandı.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, mərkəzin direktor müavini, filologiya elmləri doktoru Adilxan Bayramov, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev də “Qarabağ əfsanələri” toplusunun əhəmiyyətindən söz açdılar.
Tədbir çərçivəsində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi ilə Elmi-Metodik Mərkəz arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Sonda Elmi-Metodik Mərkəz tərəfindən səmərəli əməkdaşlığa görə Milli Azərbaycan Tarixi Muzeyinin direktoruna və Folklor İnstitutunun əməkdaşlarına fəxri diplomlar təqdim edildi.
L.Azəri