Aprelin 15-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yaranmasının 110 illiyi qeyd olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) müxtəlif sahə və peşələr üzrə 26 həmkarlar təşkilatını birləşdirir. Onlardan biri də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqıdır.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
MİHİ-nin Respublika Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Cəmilə Səttarova çıxış edərək iştirakçıları 15 aprel - Beynəlxalq Mədəniyyət Günü və təşkilatın 110 illiyi münasibətilə təbrik edib, görülmüş işlərdən, qarşıda duran vəzifələrdən və gələcək planlardan geniş danışıb.
Bildirilib ki, XX əsrin əvvəllərində həmkarlar ittifaqlarının yaranması həmin dövrdə sənayenin inkişafı və böyük işçi ordusunun yaranması ilə bilavasitə əlaqədar idi. Azərbaycanda ilk həmkarlar ittifaqları 1898-1903-cü illərdə neft sənayesi işçiləri, sonradan isə Bakı çapçıları tərəfindən yaranmağa başladı. Sonrakı tarixi mərhələlər barədə məlumat verən C.Səttarova vurğulayıb ki, bu tarixi üç mərhələyə bölmək olar: 1920-ci ilədək - həmkarlar ittifaqının yaranıb, təşəkkül tapdığı dövr, 1920-1990-cı illər sovet dövrü və Azərbaycanın müstəqillik əldə etdiyi 1991-ci ildən sonrakı dövr.
1993-cü ildə sahə həmkarlar ittifaqlarının, o cümlədən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının könüllü birləşməsi əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yaradılıb. Hazırda 55 min işçini birləşdirən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 64 şəhər, rayon komitəsi, 752 ilk təşkilatı fəaliyyət göstərir. İttifaq bir sıra dünya və Avropa həmkarlar ittifaqı birlikləri ilə əlaqələr yaradıb.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva və başqaları çıxış edərək Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının üzvlərini təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Azərbaycanda AHİK-in nüfuzunun yüksək olduğunu, bu təşkilatın qanun çərçivəsində hər bir işçi təbəqəsinin hüquqlarını müdafiə etdiyini vurğulayan natiqlər Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları ilə də əlaqələrin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Tədbirdə beynəlxalq təşkilatlardan bir necə videotəbriklər səsləndirilib.
Sonra MİHİ-nin yaranmasının 110 illiyi ilə əlaqədar hazırlanmış yubiley medalları və fəxri fərmanlar təqdim olunub. Yubiley tədbirində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədrinə və bir sıra əməkdaşlarına Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı da təqdim olunub.