Elmi-praktik seminar bölgələrdəki turizm zonalarında mədəni irsin təbliğinə həsr olunub
Aprelin 18-də Dövlət Film Fondunda Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Respublikanın regionlarında təsviri, tətbiqi sənətin təbliği və inkişafı”na həsr olunmuş elmi-praktik seminar işə başladı. Seminarda Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Qax, Zaqatala, Oğuz və Balakən şəhərlərində fəaliyyət göstərən rəsm qalereyaları, incəsənət məktəbləri və Heydər Əliyev mərkəzlərinin əməkdaşları iştirak edirdi.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov çıxış edərək bildirdi ki, tədbirin məqsədi sözügedən şəhərlərdəki qalereya, incəsənət məktəbi və Heydər Əliyev mərkəzlərində təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin mütəmadi sərgilərinin təşkili və mədəni irsimizin turistlərə təbliği ilə bağlı işçiləri maarifləndirmək, onlara bu yöndə nəzəri-praktik bilgiləri çatdırmaqdır.
Direktor qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə yaradılan işçi qrupu bu məqsədlə regionlara səfər edib. Rəsm qalereyalarında işin düzgün qurulması, tətbiqi və dekorativ sənət növlərinin təbliğinə marağın artırılması istiqamətində iş aparılıb. Bildirildi ki, həyata keçirilən layihə ilkin mərhələdir. Turizm zonalarında hər regionun özünəməxsusluğunu ifadə etmək üçün tarixi kompozisiyaların qurulması həmin bölgənin sənət adamlarına həvalə olunacaq. Bundan əlavə, regionlar arasında daha sıx əlaqələr yaradılacaq. Xalq sənəti nümunələri, rəssamların işlərindən ibarət sərgi-yarmarkalar regionlarla yanaşı, paytaxt Bakıda da təşkil olunacaq.
E.Hüseynov dövlət tərəfindən yaradıcı insanlara göstərilən diqqət və qayğıdan söz açdı, hər zaman olduğu kimi, bu gün də rəssamların fəaliyyəti üçün geniş imkanların yaradıldığını diqqətə çatdırdı.
Sonra seminar sənətşünas alimlərin məruzələri ilə davam etdi.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə şəbəkə sənətinin ənənələri, formalaşması və mərhələləri haqqında məruzəsində Şəkidə bu sənətin inkişaf yolundan danışdı. Milli sənət ənənələrinin davam etdirilməsinin, gələcək nəsillərə ötürülməsinin, tədqiq və təbliğinin vacibliyini diqqətə çatdıran natiq bu baxımdan "Tofiq Rəsulov. Şəbəkə" kitabının bu ecazkar sənətin sirlərinin öyrənilməsində mühüm bilgiləri özündə cəm etdiyini vurğuladı.
Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov “Xalq sənətinin qorunması, ənənələri və inkişafı” mövzulu məruzəsində xalçaçılıq, bədii tikmə, dulusçuluq sənətlərinin bədii mədəniyyətin inkişafındakı rolundan danışdı.
Xalq rəssamı Arif Hüseynov regionlarda yaradılacaq sərgi-yarmarkaların təşkili və keyfiyyət məsələlərinə diqqətin artırılmasının önəmini vurğuladı. Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, professor Fuad Salayev isə qalereyalarda dərnəklərin fəaliyyətinin vacibliyini önə çəkdi.
Seminar çərçivəsində günün ikinci yarısında Azərbaycan Dövlət Rəsm Qalereyası Elmi araşdırma və maarifləndirmə şöbəsinin müdiri Nərgiz Əsgərova sərgi ekspozisiyalarının qurulması və rəsm əsərlərinin qorunması mövzusunda praktik təlim keçərək iştirakçıları bu sahədəki yeniliklərlə tanış etdi. Treninqdə əsərləri korlanmaqdan və eksponatları bioloji məhv olmaqdan qorumağın qaydalarını əks etdirən videomaterial nümayiş etdirildi.
Seminarın birinci iş gününün sonunda iştirakçılar öz təklif və fikirlərini bölüşdülər.
Qeyd edək ki, aprelin 19-da işini davam etdirən seminarda Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzində tədrisin təşkili qaydası, Azərbaycan Milli İncəsənət, Müasir İncəsənət və Xalça muzeylərində isə ekspozisiya planının qurulmasına baxış və müzakirələr aparıldı. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edildi.
Lalə Azəri