“Molla Nəsrəddin”in 110 illiyinə həsr olunmuş elmi konfrans
Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” jurnalının 110 illiyinə həsr olunan “Sizi deyib gəlmişəm...” adlı elmi konfrans keçirilib. Tədbir Cəlil Məmmədquluzadənin ev-muzeyi ilə birgə təşkil olunub. Əvvəlcə iştirakçılar ev-muzeyinin təqdim etdiyi səyyar sərgi ilə tanış olublar.
Konfransda çıxış edən institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” jurnalının fəaliyyətindən, milli mətbuat, ədəbiyyat və ictimai fikir tarixində rolundan söz açıb. Vurğulanıb ki, görkəmli ədib-mütəfəkkir Cəlil Məmmədquluzadənin müəllifliyi və redaktorluğu ilə jurnalın 25 ildə ümumilikdə 748 sayı işıq üzü görüb.
İlk satirik nəşrimiz olan “Molla Nəsrəddin” Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını ətrafında toplaya bilib, satirik realist ədəbiyyatın yaranmasına çox böyük təkan verib.
Konfransda filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Molla Nəsrəddin" jurnalının “Təbriz dövrü”, C.Məmmədquluzadənin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Pərixanım Mahmudova “C.Məmmədquluzadə və “Molla Nəsrəddin jurnalı", filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva "Molla Nəsrəddin" jurnalında ədəbiyyat məsələləri” mövzusunda çıxış ediblər.