BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun birinci plenar iclası
BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumu aprelin 26-da rəsmi açılış mərasimindən sonra işini “Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar” mövzusunda birinci plenar iclasla davam etdirdi.
Toplantının moderatoru BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsinin sözçüsü və aparat rəhbəri xanım Nihal Saad son illər zorakı ekstremizmin və terrorizmin bəşəriyyəti narahat edən ən ciddi təhdidlərdən biri olduğunu vurğuladı, iclasda bu istiqamətdə səmərəli müzakirələrin aparılacağına əminliyini bildirdi.
İspaniyanın sabiq baş naziri Xose Luis Rodrigez Zapatero özünün də ideya müəlliflərindən olduğu mədəniyyətlərarası dialoq təşəbbüsünün tarixindən danışdı, bu dialoqun digər təşəbbüsçüsü, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə etdi. Qeyd etdi ki, radikal ekstremizmin qarşısının alınması üçün mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun, mədəniyyətin inkişaf etdirilməsi, geniş maarifləndirmə işinin aparılması, təhsilin keyfiyyətinin və sosial rifahın yüksəldilməsi vacibdir.
Siyasi münaqişələrin həllində, həmçinin terrora qarşı mübarizədə hərbi yoldan istifadənin çox ciddi fəsadlar törətdiyini diqqətə çatdıran sabiq baş nazir Suriya böhranını xatırladaraq bildirdi ki, Avropa ölkələri bu böhranı həll etmək üçün hərbi yoldan istifadəyə üstünlük verdilər. Bu da milyonlarla insanın qaçqına çevrilməsi ilə nəticələndi. Həmin qaçqınların miqrasiyasından xilas olmaq üçün Avropa öz qapılarını onların üzünə bağladı ki, bu da ciddi ziddiyyət doğurur və gərginliyi daha da artırır.
Fransanın sabiq baş naziri və xarici işlər naziri Dominik de Villepin cəmiyyətlərin və dövlətlərin zorakı ekstremizmə qarşı mübarizədə hələ istənilən nəticəyə nail ola bilmədiklərini diqqətə çatdırdı. Onun fikrincə, bu mübarizədə qalib gəlmək üçün zorakı ekstremizmin əsl mahiyyəti dərindən öyrənilməlidir. Hərbi müdaxilə yolunun seçilməsi zorakı ekstremizmin qarşısını nəinki almır, hətta onun daha geniş yayılmasına və radikallaşmasına səbəb olur. Zorakı ekstremizmə və terrorizmə qarşı qlobal miqyasda ciddi mübarizə aparılması, bu işdə BMT-nin rolunun gücləndirilməsi, onun sülhməramlı qüvvələrinin münaqişə zonalarına cəlb edilməsi vacibdir.
BMT-nin Terror Əleyhinə Direktorluğunun icraçı direktoru Jan-Paul Laborde zorakı ekstremizmin qarşısının alınmasında, sülh və təhlükəsizliyin bərqərar olunmasında digər addımlarla yanaşı, gənclər arasında əməkdaşlığın genişləndirilməsinin, onların birgə layihələrdə iştirakının təmin edilməsinin də mühüm rol oynadığını qeyd etdi. O bu prosesdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin təşviq edilməsinin, xüsusən qadınların rolunun artırılmasının, həmçinin “Microsoft”, “Google” və s. nəhəng korporasiyalarla əməkdaşlıq edərək onların imkanlarından istifadə olunmasının əhəmiyyətini vurğuladı.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 27-də BMT baş katibinin “Terrorizmə qarşı birləşmək: qlobal terrorizmlə mübarizə strategiyası üçün tövsiyələr” adlı sənədi təqdim etməsinin on ilinin tamam olacağını diqqətə çatdıraraq bildirdi ki, biz bəlkə də bu gün təsəvvür etdiyimizdən də geniş yayılmış zorakı ekstremizmin köklərini dərindən araşdıra bilməmişik. Yerli və regional problemlərlə birləşən Suriya, İraq və Liviyadakı proseslər 11 sentyabr hadisələrindən sonrakı dövrdə regiona xarici müdaxilələrin nəticələridir. Bəzi beynəlxalq aktyorlar nəcib məqsədlərə malik olsalar da, yanlış strategiya yürüdüblər. Nəticədə beynəlxalq sistemin fundamental norma və prinsipləri sarsılıb.
Nazir 21 il bundan əvvəl ABŞ Dövlət Departamentinin nəşr etdiyi “Qlobal terrorizm nümunələri” adlı sənədi də yada saldı. Həmin sənəddə vurğulanıb ki, keçmiş Sovet İttifaqı ölkələrində etnik gərginliklər Qafqaz və Baltikyanı respublikalarda terror aktlarına rəvac verir. Həmçinin göstərilib ki, Moskvada həbs olunan bəzi erməni xüsusi xidmət orqanları əməkdaşları 45 nəfərin ölümü və ən azı 130 nəfərin yaralanması ilə nəticələnən Bakı metrosunda, eləcə də Rusiya və Azərbaycandakı qatarlarda bomba partladılmasında iştirakda ittiham olunublar.
“Mənim ölkəm etnik separatizm, xarici müdaxilə, zorakı ekstremizm və terrorizmin metamorfozu və simbiozundan əziyyət çəkmişdir. Həmin vaxt beynəlxalq ictimaiyyət bizi dinləyərək, universal norma və prinsiplərə əsaslanaraq, zorakı ekstremizm və onun bütün forma və təzahürlərini dayandırmaq üçün ciddi addımlar atsaydı, bu gün bu domino effektini büdrətmək və bu fenomen ilə məşğul olmaq üçün daha yaxşı vəziyyətdə olardıq”, - deyə E.Məmmədyarov vurğuladı.
Zorakı ekstremizmə qarşı mübarizədə davamlı inkişafın prioritet olmasının vacibliyini diqqətə çatdıran nazir düzgün təhsil, sosial-iqtisadi irəliləyiş və gender bərabərliyi olmadan bütün səylərin iflasa məhkum olduğunu bildirdi və çıxışını bu sözlərlə bitirdi: “Siz tarixən tolerantlığı, multikultural cəmiyyəti və dünyəvi idarəçiliyi ilə məşhur olan bir ölkədəsiniz. Nümunə ilə yol göstərmək ən yaxşı yoldur. Biz öz nümunələrimizi bölüşmək və həmçinin sizin təcrübələrinizdən də öyrənmək istəyirik”.
Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Dezir çıxışında son illərdə ciddi təhdidə çevrilən zorakı ekstremizmə qarşı mübarizə aparılması üçün həyata keçirilməsi zəruri olan tədbirlərdən danışdı. Vurğuladı ki, bu baxımdan ümumbəşəri dəyərlərin müxtəlifliyini, sivilizasiyaların dünyaya verdiyi töhfələri qəbul etməli, bəşəri dəyərləri paylaşmalıyıq. Heç bir ölkə dünyanın hər hansı bir nöqtəsində baş verən böhrandan, problemdən sığortalanmayıb. Bu yaxınlarda Avropada baş verən terror aktları buna əyani sübutdur.
Çıxışlardan sonra mövzuya dair müzakirələr aparıldı.