Dünyada hərbi münaqişələrin mövcudluğuna və həllinə birbaşa təsir edən siyasi, iqtisadi, dini və başqa amillərlə yanaşı, cəmiyyətin həmin problem ətrafında cari vəziyyətlə bağlı məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir. Bu işdə KİV-lərin, onların obyektivlik səviyyəsinin əhəmiyyətli rolu var.
Bu fikirlər Gənclər Forumunun “Əhali və hərbi münaqişəyə məruz qalan ərazilər” və “Sülhməramlılıq problemləri” mövzularına həsr olunmuş əməkdaşlıq toplantısında səslənib.
Toplantıda Azərbaycan, Almaniya, Rumıniya, Venesuela və bir sıra Afrika ölkələrinin nümayəndələri iştirak ediblər. Müzakirə iştirakçıları ictimai əhval-ruhiyyə, münaqişə edən ölkələrin vətəndaşlarının bir-biri ilə münasibətləri probleminə toxunaraq, yaranan ziddiyyətlərin həlli istiqamətində uğur qazanmağın çox vacib olduğunu qeyd ediblər. Bu isə yaranmış problemin aradan qaldırılması yolunda ilk zəruri addım, habelə uğurlu nəticəni qoruyub saxlamağın ən yaxşı qarantıdır.
Tədbirdə müharibə şəraitində yaşayan Azərbaycanın dinlərarası dialoqa, multikultural dəyərlərə töhfələri xüsusi vurğulanıb.