Aprelin 23-də Ankarada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Dərnəyinin təşəbbüsü ilə “Erməni cinayətləri” adlı konfrans keçirildi. Ermənilərin qeyd etdiyi uydurma “soyqırımı”nın ildönümünə təsadüf edən tədbir erməni quldur dəstələrinin ötən əsrin əvvəlində Şimali və Cənubi Azərbaycanda, eləcə də əsrin sonunda Xocalıda, Qarabağın digər yerlərində törətdikləri kütləvi qırğınlara həsr olunmuşdu. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin keçmiş şöbə müdiri Əli Uzunirmak, keçmiş millət vəkili Şevket Bülent Yahniçi, professor Dursun İldırım kimi çoxlu sayda nüfuzlu insanlar yer almışdı.
Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Cəmil Ünal, professor Yonca Anzerlioğlu, professor Haydar Çakmak və doktor Bumin Özarslan tarix boyunca ermənilərin türklərə qarşı cinayətlərindən bəhs etdilər.
C.Ünal bildirdi ki, ermənilər bütün dünyanı “soyqırımı” yalanlarına çox rahat inandıra biliblər və bir sıra ölkələrdə bu, yalan xəstəlik halını alıb. Təəssüf ki, Türkiyədə də bu yalana qulaq verənlər tapılır: “Avrasiya coğrafiyasının böyük bir hissəsində, Yaxın Şərqdə yüz illərdir ki, qan dayanmır. Erməniləri oyuncaq kimi istifadə edən dövlətlər Qafqazda bir “erməni məsələsi” yaradıblar. Dağlıq Qarabağdakı 90-100 min erməninin separatizminə, Ermənistanın işğalçılığına göz yumulması 1 milyon türkün öz torpaqlarından didərgin düşməsi ilə nəticələnib”. Professor Yonca Anzerlioğlu isə bildirdi: “1820-ci illərdən etibarən Anadolu coğrafiyasından başlayaraq ABŞ, İngiltərə, Fransa və Rusiyanın qeyri-müsəlmanlara yönəlik missionerlik fəaliyyətləri apardıqlarını görürük. Biz bərabər olsaq bu çətinliklərin də öhdəsindən gələrik”.
Panelin digər məruzəçisi Bumin Özarslan isə bildirdi ki, ermənilər Azərbaycanda, Xocalıda, Qarabağda insanlıq əleyhinə cinayətlər törədiblər. Azərbaycan xalqının beynəlxalq hüquqa müraciət edərək bu soyqırımına qiymət verilməsini tələb etmək haqqı var: “Azərbaycan dövlətinin işğal edilmiş torpaqlarını geri qaytarmaq uğrunda qanuni müharibə aparmaq haqqı da var. Bunun qarşısını heç nə əngəlləmir. Türkiyədə bununla bağlı effektli bir təbliğat gerçəkləşdirmirik. Qarabağ məsələsi də Kipr davası kimi milli dava olmalı və bununla bağlı elmi araşdırmalar yazılmalıdır”.
Tədbir sualların cavablandırılması, maraqlı fikir mübadiləsi ilə başa çatdı.
Mehparə Sultanova
Ankara