Qədim şəhərdə “paytaxt” ilinin təntənəli açılış mərasimi keçirilib

Aprelin 28-də Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, qədim qala divarlarının arasında “Türk dünyasının mədəniyyət paytaxtı - 2016” ilinin təntənəli açılış mərasimi keçirildi.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, türkdilli ölkələrdən təmsilçilər, çoxsaylı qonaqlar, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbirdən öncə Şəki şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu. Abidə önünə tər çiçək dəstələri qoyularaq xatirəsi hörmətlə anıldı.
İştirakçıları şəhərin qədim hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəldilər. Burada qonaqlar əvvəlcə Azərbaycan xalqının qədim atüstü oyunu olan çövkən oyununu izlədilər.
Sonra XVIII əsr Azərbaycan memarlığının nadir nümunəsi - Şəki xan sarayı ilə tanışlıq oldu. Qonaqlara sarayın tikilmə tarixi, memarlıq üslubu, həmçinin Şəki xanlığının Azərbaycan tarixində yeri haqqında ətraflı məlumat verildi.
Tədbir çərçivəsində qoruq ərazisində Şərq bazarı, sərgilər, satış yarmarkaları təşkil olunmuşdu, folklor və musiqi kollektivləri, el sənətkarları çıxış etdilər, iştirakçılar ləziz Şəki mətbəxi nümunələrinin dadına baxdılar.
Yuxarı Karvansaraya gələn qonaqlara tarixi tikili haqqında məlumat verildi. Onlar burada Şəki sənətkarlarının hazırladığı müxtəlif məmulatlara, əl işlərinə tamaşa etdilər.
* * *
Sonra qoruq ərazisindəki Yay teatrında tədbirin rəsmi açılış mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkəmizin bu qədim şəhərinə “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsində yer verilməsini yüksək qiymətləndirdi. Bildirdi ki, son illər Şəkidə aparılan tikinti-quruculuq işləri nəticəsində şəhərin siması dəyişib. İcra başçısı “mədəniyyət paytaxtı” ili ərzində bir sıra mədəniyyət tədbirlərinin keçiriləcəyini diqqətə çatdırdı.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açdı, təşkilatın təşəbbüsü ilə ölkəmizdə gerçəkləşən tədbirlərin ümumi mədəni irsimizin, incəsənətimizin qorunması, öyrənilməsi, türk xalqlarının yaxınlaşması, mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı: "Bugünkü açılış mərasimi ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlə eyni vaxta təsadüf edir. Aprelin 27-də Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə yekun vurmuşdur. Şəkidə keçirilən bu tədbirin iştirakçıları arasında Qlobal Forumun bir sıra fəxri qonaqlarını da görməkdən məmnunuq. TÜRKSOY həm türk xalqları arasında, həm də beynəlxalq arenada türkdilli xalqların mədəniyyətlərinin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Sevindirici haldır ki, TÜRKSOY artıq bütün mötəbər beynəlxalq tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur və onun beynəlxalq təşkilat kimi fəaliyyəti dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən alqışlanır".
Nazir qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli ölkələrdə iştirak etdiyi bütün tədbirlərdə TÜRKSOY-u xalqlarımızın mədəniyyətinin təbliğində ən vacib qurum kimi qiymətləndirmişdir: "TÜRKSOY son dövrlərdə mədəni irs nümunələrimizin geniş məkanda təbliği üçün çox mühüm layihələr həyata keçirir. Qurumun dəstəyi ilə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası türkdilli ölkələrin incəsənət xadimlərinin iştirakı ilə təşkilata üzv olan ölkələrdə səhnələşdirilib, türkdilli ölkələrin teatr xadimlərinin görüşləri, rəssamların birgə sərgiləri təşkil olunur. BMT, UNESCO, Avropa Şurası və digər beynəlxalq qurumların qərargahlarında Novruz bayramının birgə qeyd edilməsi, film festivalları, türk dünyasının dahi şəxsiyyətlərinin yubiley illərinin, xüsusi medal və mükafatların təsis edilməsi və digər onlarla belə uğurlu layihələr həyata keçirilir".

Diqqətə çatdırıldı ki, 2010-cu ildən Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı təşkil olunur, 2014-cü ildə burada I Beynəlxalq Teatr Festivalı keçirilib. Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq ümummilli liderin xatirəsinə həsr olunmuş Atüstü Milli Oyunlar Festivalı və “Prezident kuboku” uğrunda çövkən yarışları keçirilir.
Əbülfəs Qarayev bildirdi ki, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkiyə həsr olunması bizi olduqca fərəhləndirir. Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan şəhərlərimizdən biridir. Azərbaycan memarlığının ən gözəl nümunələri bu şəhərdə də yerləşir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb, müasir istirahət mərkəzləri, yeni hotellər istifadəyə verilib. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib.
“Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər Şəkiyə turistlərin marağını daha da artacaq.
* * *
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir çıxış edərək Şəki şəhərinin qədim mədəniyyətə malik olduğunu vurğuladı. Sivilizasiyalar Alyansının Qlobal Forumunun yüksək səviyyədə keçirildiyini deyən qonaq bildirdi ki, Azərbaycanın hər guşəsində onun tolerant bir ölkə olduğunu görmək mümkündür.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinin heç də təsadüfi olmadığını vurğuladı. Qeyd etdi ki, Şəki şəhəri öz qədim mədəniyyəti, adət-ənənəsi, mətbəxi, tarixi irsi ilə buna sahib olub.
* * *

Tədbirdə TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçirildi. Təşkilatın mükafatları Azərbaycandan İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədova və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğluna təqdim olundu.
Qazaxıstandan "Kazakstankaya pravda" qəzetinin baş redaktoru Aleksandr Tarakov, "Aykın" qəzetinin baş redaktoru Nurtöre Jusip, "Ahızka" qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu, Qırğızıstandan "Jetigen" qəzetinin baş redaktoru Abdilamit Jumaşev, müstəqil jurnalist Munduzbek Tentimişev, Türkiyədən "Yeni düşüncə" jurnalının təsisçisi Yalçın Topçu və "Hüriyyet" qəzetinin redaktoru Oğuz Dəmir də təltif olundu. Həmçinin Türkmənistan Dövlət Televiziya, Radio və Kinematoqrafiya Komitəsinin redaktoru Aşirbek Baymuradov və Özbəkistandan "CA-News" agentliyinin Mərkəzi Asiya müxbiri Umida Maniyazova, Moldovadan Qaqauz Yeri Sədrliyinin protokol və mətbuat xidmətinin rəhbəri Georgi Yalancı və Makedoniyadan "Yeni Balkan" qəzetinin müxbiri Bünyamin Liman mükafatlandırıldılar.
* * *
Tədbir TÜRKSOY ölkələrinin folklor qrupları, ölkəmizin tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam etdi. Proqram rəngarəng ifalarla yadda qaldı.
Xatırladaq ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il Qazaxıstanın Astana, 2013-cü ildə Türkiyənin Əskişəhər, 2014-cü ildə Tatarıstanın Kazan şəhəri, ötən il isə Türkmənistanın Marı şəhəri “paytaxt” elan olunub. Bu estafeti Şəki şəhərinin qəbul etməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanıb. İl ərzində Şəkidə müxtəlif festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının keçirilməsi nəzərdə tutulur.

Fariz Hüseynov