“Bakı prosesi” artıq dünya miqyasında diplomatik termin kimi qəbul olunur

BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 27-də “Bakı prosesi”: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışlara cavab” mövzusunda bölmə iclası keçirildi.

İclasa moderatorluq edən Conventri Universitetinin (Böyük Britaniya) professoru, İnam, Sülh və Sosial Əlaqələr üzrə Mərkəzin direktoru Mayk Hardi əvvəlcə “Bakı prosesi” barədə ətraflı məlumat verdi. Bildirdi ki, “Bakı prosesi” beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun qurulmasında uğurlu platformadır. 2008-ci ildən başlayan “Bakı prosesi” çərçivəsində Azərbaycanın paytaxtında üç dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bu forumlar dondurulmuş münaqişələr, qadın hüquqları, irqçilik, məcburi miqrasiyalar və digər məsələlər üzrə dialoqların aparılmasına mühüm töhfələr verib.
Mədəniyyət və turizm naziri, VII Qlobal Forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqda böyük əhəmiyyət daşıdığını vurğuladı: “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun qurulmasında önəmli yer tutmasının səbəblərindən biri də beynəlxalq təşkilatlar tərəfindən göstərilən dəstəkdir. Vətəndaş cəmiyyətinin maraqlarını əks etdirən “Bakı prosesi” artıq dünya səviyyəsində diplomatik termin kimi qəbul olunur”.
Nazir bildirdi ki, hazırda dünyada mövcud olan məcburi miqrasiya ölkələrin inkişafına böyük əngəllər yaradır: “Mədəniyyətlərarası dialoqa öz töhfəsini verən bir ölkə kimi Azərbaycanın da erməni işğalı nəticəsində əhalisinin 1 milyondan çoxu qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımızın tarixi və mədəni abidələri dağıdılıb”.
“Bakı prosesi”nin müvəqqəti baxış olmadığını vurğulayan Ə. Qarayev vurğuladı ki, prosesdən gözləntilərə nail olmaq istəyiriksə, bu prosesi davam etdirməliyik.
BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bildirdi ki, mədəniyyətlərarası dialoqa töhfə verən “Bakı prosesi” tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşmaya, dialoqun təşviqinə əsaslanır. Bu ideyalar Sivilizasiyalar Alyansının da əsas məqsədləri sırasına daxildir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi qəbul edildiyini xüsusi deyən ali nümayəndə vurğuladı ki, inklüziv cəmiyyətin mövcud olduğu ölkə kimi Azərbaycanı örnək model götürmək olar.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri çıxışında “Bakı prosesi”nin reallıq olduğunu vurğuladı. Bildirdi ki, bu prosesə uğur qazandırmaq üçün buraya toplaşmışıq: “Qarşılıqlı anlaşmanın təmin edilməsi, terrorizm və ekstremizmlə mübarizə aparmaq üçün sıx əməkdaşlıq vacibdir. Müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin olması mehriban yaşamağımıza baryer olmamalıdır. Bir-birimizə yardımçı olmalıyıq”.
“Global Compas” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan Kristof Bas dünyada sülh və sabitliyin təmin edilməsində cəmiyyətin bütün təbəqələrinin bu prosesə cəlb edilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, forum çərçivəsində keçirilən biznes simpoziumu mədəniyyətlərarası dialoqun daha geniş təşviq edilməsi istiqamətində uğurlu addım saymaq olar.
UNESCO-nun Mədəniyyətlərarası dialoq sektorunun sədri Ann-Belinda Peris forum çərçivəsində bəşəriyyət üçün önəmli olan məsələlərin müzakirə olunduğunu diqqətə çatdırdı, “Bakı prosesi”nin həlli vacib olan bəşəri problemlərin aradan qaldırılmasında həyata keçirdiyi işləri yüksək qiymətləndirdi.
BMT Sivilizasiyalar Alyansının səfiri Pan Guanq 2011-ci ildən başlayaraq “Bakı prosesi”nə qoşulduğunu və bir sıra vacib görüşlərdə iştirak etdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin sülh, qarşılıqlı hörmət şəraitində yaşadığı bir ölkədir və mədəniyyətlərarası dialoqa öz töhfəsini verib. Bildirdi ki, dünyada mədəniyyətlərarası dialoqun formalaşdırılması üçün kütləvi informasiya vasitələrinin də böyük rolu var: “Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün dünyada terroristlərin və ekstremist qüvvələrin əlində 5 mindən çox internet səhifəsi var. Onlar öz məqsədlərini, nifrət nitqlərini yaymaq və təhdid etmək üçün bundan istifadə edirlər. Bu problemlərin aradan qaldırılması üçün internetin güclü şəkildə inkişafını təmin etmək, gənclər arasında elmə, təhsilə təşviqi gücləndirmək vacibdir”.

F.Hüseynov