Universal dəyərlər və mədəniyyətlərarası tellərin təşviqi davamlı inkişafda vacib amildir
BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası aprelin 27-də işini davam etdirdi.
İclasda çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Maykl Kristides bir çox regionlarda dözümsüzlük və ekstremizm hallarının ciddi fəsadlar törətdiyini bildirdi: “Sosial media məqsədlərə nail olmaqda əsas vasitə ola bilər. Plüralizm inklüzivliyin daha da möhkəmlənməsinə xidmət edir. Vətəndaş cəmiyyətinin fəalları, dini liderlər bizim ideyalarımızın yayılmasına dəstək ola bilərlər”.
Argentinanın xarici işlər nazirinin müavini Karlos Foradori ölkəsinin BMT-nin Sivilizasiyalar Alyansının bütün ideyalarını yaymağa çalışdığını diqqətə çatdırdı, Azərbaycanda dinlər və mədəniyyətlərarası dialoqa xüsusi diqqət ayrıldığını dedi: “Biz qarşılıqlı anlaşmanı daha çox təşviq etməliyik. Belə forumlar maneələrin aradan qaldırılması üçün əhəmiyyətli xarakter daşıyır”.
Finlandiya Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası və dinlərarası dialoq prosesləri üzrə səfiri Pekka Metso ölkəsində fərqli dini icmaların nümayəndələrinin problemlərinin hər zaman dinlənildiyini, mədəniyyətlərarası dialoqun təşviq edilməsi sahəsində çoxsaylı seminarların təşkil olunduğunu bildirdi.
Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin mədəniyyət siyasəti üzrə baş direktoru Teresa İndjeyn səmərəli dialoqun müxtəlif dinlər arasında diplomatiyanın mühüm aləti olduğunu diqqətə çatdırdı: “Biz həmçinin dini liderlər və vətəndaş cəmiyyətləri arasında dialoqu təşviq etməliyik. Mətbuat bu sahədə ən vacib elementlərdəndir”.
Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova ölkəsinin “Bakı bəyannaməsi”ni alqışladığını bildirdi. Məqsədə nail olmaq üçün israr nümayiş etdirməyin əhəmiyyətini qeyd edən səfir dini dözümsüzlük, radikallaşma meyllərinə qarşı hərtərəfli yanaşmanın vacibliyini vurğuladı.
Pakistanın ölkəmizdəki səfiri Xalid Usman Qaiser ölkəsinin multikulturalizm ideyalarını dəstəklədiyini bildirdi, azlıqlar üzrə milli komissiyanın yaradıldığını dedi: “Mədəni müxtəliflik bütün ölkələrdə qorunub saxlanılmalıdır. Azərbaycan bunun ən yaxşı nümunəsidir”.
Hindistanın Azərbaycandakı səfiri Sancay Rana qarşılıqlı anlaşmanın xalqlar arasında dərinləşdirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, təhsil, gənclərin inkişafı, mətbuatın obyektivliyi hər bir cəmiyyətdə təşviq edilməlidir.
Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çang-Gyu beynəlxalq ictimaiyyətin üzləşdiyi müxtəlif çağırışlardan danışdı, “Bakı bəyannamə”sinin əhəmiyyətini vurğuladı.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mədəniyyət, sosial və ailə məsələləri departamentinin baş direktoru xanım Mehla Telebna müxtəlif incəsənət sahələrini inkişaf etdirməklə insanların mədəniyyətlərarası dialoq devizi altında yaşaya bilməsinin əhəmiyyətinə toxundu, İƏT-in əsas səylərini zorakılığa qarşı mübarizəyə yönəltdiyini qeyd etdi.
Tailandın Xarici İşlər Nazirliyinin müşaviri Çaisiri Anamaru vətəndaşlar arasında inklüziv dialoqun formalaşdırılmasının mədəniyyətin və dinin daha geniş təbliğ olunmasına xidmət etdiyini bildirdi.
Sloveniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar üzrə departament müdiri Blazka Kepiç bildirdi ki, əsas diqqət gənclərə yönəldilməlidir. Gənclərin təhsilinə diqqət artırılmalıdır. Bu cür tədbirlərin görülməsi üçün BMT-nin təhsil proqramlarından yararlanmaq lazımdır. Sosial-siyasi məsələlərin araşdırılmasında qadınların iştirakı artırılmalıdır. Qadınlar mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün bu prosesə qoşulmalıdırlar.
Digər çıxış edənlər ekstremizmin bütün formalarının qarşısının alınmasının vacibliyini vurğulayaraq, hər bir cəmiyyətin radikallaşmanın aradan qaldırılmasına çalışmalı olduğunu qeyd etdilər. Universal dəyərlərin, plüralizmin, mədəniyyətlər arasında qardaşlıq tellərinin təşviqinin davamlı inkişafda vacib amil olduğunu bəyan edən natiqlər Sivilizasiyalar Alyansına öz dəstəklərini bir daha bəyan etdilər.
Fariz