Bütöv Azərbaycançılıq, böyük Turançılıq və ümumDünyaçılıqla!..
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin düzənlədiyi bu törənin adı “3 May - Türkçülük Günü”, mənəvi dadı, məna-məram ladı isə, atdığı bu növbəti addımla bir az da yaxınlaşıb-yaxınlaşdırmağa çalışdığı Yeni Türklük Erası!..
Böyük Türk sevdalı bu səfərlə ilgili işlətdiyim “dad-lad” ifadələrini qətiyyən qəribçiliyə salmamalı. Nədən ki, qutlanılan həmin Gün ərzində heykəlləri sonsuz milli sevgilərlə ziyarət edilənlərdən biri - böyük Türk ermişi, hələ yüz il öncə bütün gələnəklərimizi “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək”, “Dildə birlik, işdə birlik, əməldə birlik ” kimi fikirlərlə süsləmiş “Qaspıralı-Ağaoğlu-Hüseynzadə” üçlüyünə mənsub Əli bəy belə bir söz də söyləmiş: “Həqiqətin də dadı, ləzzəti vardır!”
Yüz milyonlarla türkün, “nə mutlu türkəm deyən” türkçünün düşüncə-daşıncasını daşıyan bu yüzə yaxın səfərdaşlar yol boyu belə bir həqiqətin də fərqində və... farkında idilər ki, müasir “ultra-imperiya”çılar tarixən neçə-neçə ədalətli, haqq-həqiqətli imperiyalar qurmuş, tarixi yaratmaqla məşğulluğundan onu yazmağa macal tapmamış Türkə qarşı durmadadır və biz o möhtəşəm gücümüzün bərpası üçün bu gün daha böyük əzmlə özümüzə dönməliyik...
...Səhər saat 11.30. Maşın karvanı Salyan Rayon İcra Hakimiyyətinin inzibati binası ətrafında dayanır. Tədbir iştirakçıları - rəsmilər, bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm adamları, ziyalılar ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə gül-çiçək dəstələri qoyurlar.
Sonra onlar türk dünyasının böyük fikir, irfani əməllər adamı Əli bəy Hüseynzadənin şəhər mərkəzindəki abidəsi önündə toplaşırlar. Şair Oqtay Rza və aktyor Midhət Aydının alovlu hiss-duyğularla söylədikləri misralar qonaqlarla bərabər, həmin anlar buranın qeybi-seyrində olduğuna inandığım dahi türkçümüzün ruhuna da “xoşgəldin” kimi səsləndi. Bu duyğular böyük İstiqlal şairimiz Xəlil Rza Ulutürkün öz şəhid övladı Təbrizlə birgəlikdə ucaldılmış abidəsini və rayon mərkəzindəki “Türk şəhidliyi” məzarıstanını ziyarət edərkən də yaşandı. Mübarək ziyarət səfərinin növbəti ünvanı - böyük Türklüyə qarşı tarixi qəsdlərin hələlik son aktı olan Qarabağla bağlı: Qaraçala qəsəbəsindəki Şəhidlər xiyabanı...
Və bu da Qaraçala qəsəbəsində - Türk qövmünün tarixi adına, Vətən və Qonaq pərvərliyinə layiq təşkil olunmuş “Türkçülük Günü” törəninin söz, fikir, mühakimə-mübadilə Düzəni.
Tədbiri giriş sözü ilə açan Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bu günün bütün türk dünyasında qeyd olunduğunu bildirdi. “Türkün böyük fikir adamlarından olan Nihal Adsızın Turançılıq iddiası ilə məhkəmə çəkişməsindən başlayan və özünədönüş günü kimi tarixə çevrilən bu bayramın ATXƏM tərəfindən Azərbaycanda da xüsusi sevgi ilə qeyd edilməsi artıq bir ənənə halına çevrilib. İndiki mürəkkəb siyasi dövrdə biz türklüyümüzü, milli məram və dəyərlərimiz kontekstindən daha çox təbliğ etməli, gənclərimizin yad-yabançı təbliğatlara meyllənmə təhlükəsinə imkan verməməliyik. Şərqdən-qərbə uzanan böyük türk dünyasının ortaq dəyərləri mənimsənilməli və bunlar hər bir türk xalqı arasında ictimailəşdirilməlidir. Nə xoş ki, Türk xalqlarının bir-birilə əməkdaşlıq məsələləri günü-gündən inkişaf edir və artıq Azərbaycan bu əlaqələrin qurulmasında aparıcı bir mövqeyə sahibdir”. Ölkəmizin bütün dünyaya bəlli Qarabağ problemindən də bəhs edən İ.İsmayılov Ali Baş Komandanımızın apardığı qətiyyətli siyasətə istinadən, nitqini çox nikbin notlarla yekunlaşdırdı: “Türkçülüyün inteqrasiyası istiqamətində ən fəal ölkələrdən birinə çevrilmiş Azərbaycanımız böyük dünya birliyinə də sürətlə irəliləməkdədir. Lakin, bundan öncə, Azərbaycan öz özgürlüyünün, türk milliyyətçiliyin fərqində olmalıdır. Bu, həm bizim milli birliyimizin, əmin-aman yaşamımızın zəmanəti, həm də ümumbəşəri ədalətin simvoludur. Vaxtilə Nihal Adsız deyirdi ki, bizdən qoparılanları geri almaq ədalətin bərpası deməkdir. Deməli, biz millət olaraq özümüzü toparlamalı, bütün səylərimizi səfərbər edərək, bizdən qoparılmış torpaqların geri qaytarılmasına nail olmalıyıq”.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyev son vaxtlar türk dünyasının birlik və bərabərliyi istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, türkdilli dövlətlərin və topluluqların 2006-cı ilin sentyabrında Antalyada və 2007-ci ilin dekabrında Bakıda keçirilən dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları türk dövlətləri arasında birlik və qarşılıqlı anlaşmanın əldə olunmasına böyük təkan verdi. Həmin qurultaylarda əldə edilən qərarların nəticəsi olaraq 2009-cu ildə Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk sammitinin Bakıda keçirilməsi, daha sonra 2009-cu ilin 3 oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşü bu istiqamətdə mühüm addımlar oldu. Məhz bu zirvə görüşündə əldə olunan razılıq əsasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradıldı və 2011-ci ildə Qazaxıstanda birinci zirvə görüşü keçirildi. Bütün bunlar türk birliyi yönündə atılmış addımların nə qədər sistemli xarakter aldığını sübut edir. Bu tarixi toplantılara nəzər salarkən, Naxçıvanda keçirilən IX zirvə toplantısının bir çox vacib məqamları ilə çox diqqət çəkdiyini görürük. Bu tarixi günün əhəmiyyəti nəzərə alınaraq, 2010-cu ilin sentyabrında İstanbulda türksoylu ölkələrin dövlət başçılarının sammitində qəbul edilmiş qərara uyğun olaraq 3 oktyabr tarixi Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan olundu. Artıq həmin tarix də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədə qeyd olunur”.
Prezident Administrasiyasının rəsmisi sözünü “3 May - Türkçülük Günü”nün də bütün türk xalqları arasında yeni ruh yüksəkliyinə və bir-birinə daha çox mədəni-mənəvi dəstək göstərməsinə səbəb olacağı fikrilə tamamladı.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov son on il ərzində türk dünyasının birlik və bərabərliyi istiqamətində olduqca mühüm tədbirlərin həyata keçirildiyini bildirdi və artıq bir neçə ildir ki, ATXƏM-in 3 may - Türkçülük Günü ilə bağlı keçirdiyi tədbirlərə qatıldıqlarını vurğuladı: “Hesab edirəm ki, mənəvi-siyasi anlamlı bu Gün, həm də ümumtürk düşüncə tərzinin bizim sabiq kommunizm “düşüncəmizə” bir dirəniş tarixçəmizdir. Biz bu tarixi həm də türk xalqlarının milli kimliyinin qəsdinə yönəlmiş kommunizm fiksiyası üzərində qələbəmiz kimi qeyd etməliyik. Bu tarixi həm də türk varlığının qorunması, özünüdərki, milli mücadiləsi kimi dəyərləndirməliyik”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni, şair Oqtay Rza, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları çıxışlarında Türkçülük Gününün əhəmiyyətindən danışdılar, ATXƏM-in bu istiqamətdə fəaliyyətini təqdir etdilər. İkibir-üçbir söhbətlərdə bu qəbil-motivli tədbirlərin areal-coğrafiyasını genişləndirməkdən də söz düşdü. Məsələn, gələn ilin 5 mayında doğumunun 125 ili tamam olan böyük Türk və Türkçü Əhməd Cavadın ana yurduna səfərdən danışdılar...
Başlığı bir qədər obrazlı alınan bu yazını elə o taktla da bitirmək istəyirəm. Belə ki, bu təntənəli tədbirin alnına bu sözlər yazılmışdı: Türklüyün Qarabağ Səfəri!..
Tahir Abbaslı