“Buraya gələn qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə görürlər”

Mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda nitq söyləyib.

II Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının həm ön cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıq göstərdiyini vurğulayan dövlət başçısı respublikamızdan 600 yüz mindən çox insanın müharibəyə getdiyini, onlardan 300 mininin həlak olduğunu diqqətə çatdırıb.
“Azərbaycan öz tarixi keçmişinə çox böyük hörmətlə yanaşır. İkinci Dünya müharibəsində qazanılmış Qələbə bizim ümumi qələbəmizdir”,- deyən ölkə başçısı bildirib ki, builki Qələbə Günü Azərbaycanda xüsusi ruh yüksəkliyi ilə qeyd edilir: “Bildiyiniz kimi, keçən ayın əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində ordumuz uğurla əks-hücum əməliyyatı keçirmişdir. İşğal olunmuş torpaqlarımızın bir hissəsi işğalçılardan azad edilmiş, təmas xəttindəki mövqelərimiz daha da möhkəmlənmişdir. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir”.
Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünün tamam olduğunu deyən prezident qeyd edib ki, Heydər Əliyev Azərbaycan tarixində müstəsna xidmətlər göstərmiş, iki dəfə Azərbaycana rəhbərlik etmiş və hər iki dəfə Azərbaycanı tənəzzüldən, anarxiyadan, xaosdan inkişafa, tərəqqiyə doğru aparmışdır. O, 80-ci illərdə SSRİ rəhbərliyində təmsil olunanda da Azərbaycanın inkişafına çox böyük xidmət göstərmişdir.
1993-cü ildə Azərbaycanda siyasi böhranın kritik həddə çatdığı, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, torpaqlarımızın işğalının genişləndiyi vaxtda xalq yenə Heydər Əliyevə müraciət etdi. Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev öz xalqının yanında idi. 1993-cü ildən başlayaraq, Azərbaycanda bütün sahələrdə dönüş yarandı, ölkə inkişaf dövrünə qədəm qoydu.
Ondan sonrakı dövr - 1993-2003-cü illəri əhatə edən dövr inkişaf, sabitlik dövrü olmuşdur.
Prezident vurğulayıb ki, məhz o illərdə milli ideologiyamız - azərbaycançılıq məfkurəsi formalaşmışdır ki, bu gün də bütün Azərbaycan xalqını birləşdirir: “Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişafı və buna güclü təkan verilməsi prosesi başlanmışdır. Bu gün bu, bizim böyük sərvətimizdir. Azərbaycan dünya miqyasında multikultural cəmiyyət kimi özünü təqdim edir və bizim nümunəmiz bir çox ölkələrdə dərin təhlil olunur”.
Qeyd olunub ki, 2003-cü ildən sonra Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq mövqelərimiz möhkəmlənmişdir. Azərbaycanı indi bütün dünya ictimaiyyəti tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır: “Azərbaycanda keçirilən qlobal beynəlxalq tədbirlər həm imkanlarımızı, gücümüzü göstərir, eyni zamanda, bizə olan hörməti daha da artırır. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox böyük uğurla keçirilmişdir. Keçən il Avropa Oyunları böyük uğurla keçirilmişdir, gələn il İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu və digər mötəbər tədbirlər dünyanın diqqətini cəlb edir. Bu, bizim dövlətimizi gücləndirir. Bakıda, Azərbaycanın digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. Çünki buraya gələn qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə görürlər. Görürlər ki, bu, müasir, inkişafda olan ölkədir”.
Dövlət başçısı bir məqamı xüsusi qeyd edib ki, Azərbaycan bu inkişafı öz imkanları hesabına qazanıb: “Nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik”.
Prezident daha sonra deyib: “Qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edərək öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər.
Beləliklə, bizim gələcək planlarımızla bağlı çox dəqiq təsəvvürümüz var. Biz ölkəmizi daha da gücləndirməliyik, Azərbaycan xalqının rifah halını daha da artırmalıyıq və dünya miqyasında Azərbaycan daha da möhkəm yer tutmalıdır. Bu yol Heydər Əliyev yoludur. Biz onun siyasətinə sadiqik, bu yolla gedirik və bundan sonra da gedəcəyik”.