Mayın 11-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Kitabxanada teatr və konsert müəssisələrinin fəaliyyətinə həsr edilmiş müşavirə keçirdi. Nazirliyin müvafiq şöbə və sektorlarının, respublikanın teatr-konsert müəssisələrinin rəhbərləri, baş mühasibləri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin rəhbərliyinin iştirak etdiyi müşavirədə teatr-konsert müəssisələrinin fəaliyyəti ətrafında geniş söhbət açıldı.

Müşavirədə çıxış edən nazir müavini Ədalət Vəliyev respublikamızda uğurla həyata keçirilən mədəniyyət siyasəti, dövlətin bu sahəyə diqqət və qayğısı barədə danışdı. Son illər ölkə başçısının müvafiq sərəncam və tapşırıqları ilə teatr-konsert müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırıldığı, mədəniyyət sahəsində çalışan insanların, o cümlədən teatr xadimlərinin dövlətin qayğısı ilə əhatə olunduğu diqqətə çatdırıldı. Bildirildi ki, teatrlarımızda yeni tamaşaların hazırlanması, qastrol səfərlərinin sayının artması, binaların əsaslı təmir və bərpa olunması, yeni binaların tikintisi, qaçqınlıq həyatı yaşayan teatrlarımıza daimi istifadə üçün binaların verilməsi, yeni teatr studiyalarının açılması son illərin uğurlu hadisələrindəndir. Son 5 ildə Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı dövlət tərəfindən böyük işlər görülüb. Qeyd edildi ki, son illərdə teatrlara yeni nəqliyyat vasitələri verilib, qrim ləvazimatları, səhnə cihazları təqdim edilib. Əksər teatrların binaları əsaslı təmir-bərpa edilib və yenidən qurulub. Bütün bunlar dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Lakin bütün bu uğurlarla yanaşı nöqsanlar da üzə çıxır.
Qeyd olundu ki, bəzi teatr-konsert müəssisələri hələ də tam gücü ilə işləməyə səy göstərmir, teatr rəhbərləri bəzən öz işlərinə laqeyd yanaşırlar. Bölgə teatrlarının fəaliyyəti də qənaətbəxş səviyyədə deyil.

Teatrların repertuar siyasətində qüsurlar qalmaqdadır. Bəzən nazirlik tərəfindən təsdiq olunan repertuar sonradan teatr tərəfindən dəyişdirilir. Artıq bu istiqamətdə monitorinq aparılır. Nəticəyə görə konkret addımlar atılacaq. Respublika üzrə qastrol səfərləri yox dərəcəsindədir. Teatrlar bütün gücü gündüz tamaşalarına yönəldiblər.
Nazir müavini turizm şirkətləri ilə teatr-konsert müəssisələrinin birgə əməkdaşlıq məsələlərinə də toxundu. İl ərzində bu məsələ ilə bağlı tapşırığın verildiyini bildirərək teatrların hələ də bu məsələyə lazımınca yanaşmadıqlarını vurğuladı. Qeyd olundu ki, turistlərin teatrlarda tamaşaya baxması üçün qaçan sətirlər və digər tərcümə məsələləri də həll edilib. İstirahət mövsümü ilə əlaqədar olaraq bölgələrdəki turizm məkanlarında tamaşaların təqdim edilməsi vacibdir.
Teatr-konsert müəssisələrinin muzeylər və rəsm qalereyaları ilə birgə əməkdaşlığının vacibliyi də vurğulandı. Bildirildi ki, premyeralardan əvvəl rəsm sərgilərinin təşkil edilməsi insanların istirahətini daha da rəngarəng etməklə yanaşı, həm də yeni bir tendensiya yaradar.
Reklam, internet resurslarından istifadə, mətbuatla sıx əməkdaşlıq məsələləri barədə fikirlərini bölüşən Ədalət Vəliyev teatr-konsert müəssisələrini mətbuatla mütəmadi əlaqə yaratmağa, fəaliyyətlərini informasiya şəklində tamaşaçıya çatdırmağa və eyni zamanda tamaşaçı diqqəti çəkməyə çağırdı. Hər bir teatrın truppasına uyğun əsər seçməsi, kollektivin potensial gücünə müvafiq tamaşaların hazırlanması, hər ayın repertuarının dəqiq şəkildə nazirliyə təqdim edilməsi, turizm şirkətləri və teatr rəhbərlərinin sıx əməkdaşlığı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə Bakı ətrafı qəsəbələr və Abşeron rayonu ərazisində birgə fəaliyyət, teatrların mətbuat xidmətlərinin fəaliyyəti, reklam işinin düzgün qurulması və s. məsələlərlə bağlı tapşırıq və göstərişlər verildi.

Lalə