Mayın 18-də Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Azərbaycan Xalça Muzeyinin kolleksiyasından “Zərgərlik inciləri” adlı ekspozisiyanın təqdimat mərasimi keçirildi.

Mərasimi muzeyin direktoru Şirin Məlikova açaraq ekspozisiya haqqında məlumat verdi. Bildirdi ki, fondda saxlanılan 800-ə yaxın eksponatdan bir qismi bu ekspozisiyada nümayiş olunur. Zərgərlik nümunələrinin əksər hissəsi XIX əsrin sonu - XX əsrin əvvəllərinə, digərləri isə daha qədimlərə - eramızdan əvvəl IV-II minilliklərə, tunc dövrünə aiddir. Eksponatların böyük hissəsini zinət əşyaları təşkil edir. Burada qadın və kişi zinət əşyalarından əlavə məişət əşyaları, dekorativ-tətbiqi sənət əsərləri kimi soyuq silah növləri də nümayiş olunur.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva 18 mayın dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edildiyini, eyni zamanda bu günün Azərbaycan üçün acı bir tarix, Laçın rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümü olduğunu diqqətə çatdırdı. O, əmin olduğunu bildirdi ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində işğal altındakı bütün torpaqlarımız azad ediləcək.
Nazir müavini qeyd etdi ki, bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər və landşaft” mövzusuna həsr olunub, bununla bağlı tədbirlər keçirilir.
Vurğulandı ki, vaxtilə ulu öndər Heydər Əliyevin respublikamızda muzey sahəsində həyata keçirdiyi siyasət bu gün layiqli şəkildə davam etdirilir, dövlət tərəfindən muzeylərin inkişafına diqqət ayrılır. Son illər bu sahənin inkişafı ilə əlaqədar ölkə başçısı İlham Əliyev tərəfindən 15 sərəncam imzalanıb. Muzeylər yeni binalarla təmin edilib, ekspozisiyalar yenilənib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bir neçə yeni muzey fəaliyyətə başlayıb.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və digərləri Azərbaycanda zərgərlik sənətinin inkişafı və sərginin əhəmiyyəti barədə fikirlərini bölüşdülər.
Sonra tədbir iştirakçıları ekspozisiya ilə tanış oldular.

Lalə