Mayın 20-də Ağstafada vətəndaşlarla görüşdən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rayonun mədəniyyət ocaqlarına baş çəkib.
Nazir ilk olaraq açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə tanış olub. Məlumat verilib ki, park Prezident İlham Əliyevin iştirakı ilə 5 iyul 2013-cü ildə açılıb. Burada Azərbaycanın keçmişini və müasir inkişafını əks etdirən tikili və məkanların maketləri sərgilənir. Miniatür park həmçinin Azərbaycanın dağ, çay və gölləri, təbiət mənzərələrini xəritə üzərində təsvir olunub. Respublikanın ayrı-ayrı bölgələrində olan tarixi abidələr, saray və qala divarları, türbə və məscidlər, müasir dövrə aid arxitektura nümunələrinin maketləri yüksək peşəkarlıqla yaradılıb. Böyük və Kiçik Qafqaz sıra dağları, Naxçıvanın qala və ziyarətgahları və digər məkanların maketləri də burada yer alıb. Həmçinin Kür və Araz çayları, Göygöl və Batabat gölləri, respublikanın əsas avtomobil və dəmir yolları əksini tapıb.
Bildirilib ki, Azərbaycanın xəritəsi formasında salınan Tarixi və Müasir Abidələr Parkı yerli sakinlərin və rayona gələn qonaqların marağına səbəb olur.
Sonra Əbülfəs Qarayev Səməd Vurğun parkına baş çəkib, burada fəaliyyət göstərən səyyar kitabxananın işi ilə tanış olub. Qeyd olunub ki, parkda mütəmadi səyyar kitabxana xidməti təşkil olunur.
Nazir daha sonra yeni inşa olunan Musiqi mərkəzi ilə tanış olub. Dövlət başçısının müvafiq sərəncamına əsasən tikilən mərkəz ud musiqi aləti formasındadır. Tikinti işləri tamamlanmaqdadır. 400 nəfərlik konsert zalı olan mərkəzin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.
Məlumat verilib ki, Ağstafa şəhər Hüseyn Arif adına 7 illik musiqi məktəbi şəhər 1 saylı orta məktəbin yardımçı binasında yerləşir. Binanın qəzalı və şəraitsiz olması yeni binanın tikintisinə ciddi ehtiyac yaradıb. Azərbaycanın görkəmli şairinin adının əbədiləşdirildiyi musiqi məktəbinin yeni binasının tikintisinin başlaması rayonun mədəni həyatı üçün əhəmiyyətli olmaqla yanaşı, burada təhsil alan 200 şagird sayının 350-yə çatdırılmasına da imkan yaradacaq.
Əbülfəs Qarayev yenidən qurulan Ağstafa rayon Mədəniyyət mərkəzində də olub.
Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün müvafiq tapşırıq və tövsiyələr verib.
Fariz Hüseynov