Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinə kitablar hədiyyə olunub

Gürcüstanın Marneuli rayonunda soydaşımız, mərhum jurnalist və şair Fikrət Mursaqulovun rus dilində çapdan çıxmış “Uteşenie” (“Təsəlli”) şeirlər kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə qrupunun rəhbəri Əflatun Amaşov iştirak edib. O, F.Mursaqulovu tələbəlik illərindən parlaq istedada malik yaradıcılıq adamı kimi tanıdığını vurğulayıb. Qeyd edib ki, qısa ömür sürmüş şair-jurnalist hər zaman mübarizliyi ilə seçilib: “Şeirləri daim yaşamaq ruhlu idi. O, məhrum olduğu göz işığını şeirlərinə daşıyaraq sanki nur saçırdı”.
Yazıçı-publisist Binnət Əlioğlu, professor Mahmud Hacıxəlilov, şair Abbas Əli və başqaları F.Mursaqulovun şeirlərində Vətənə, xalqa, millətə, torpağa məhəbbətin tərənnüm olunduğunu qeyd ediblər, onunla bağlı xatirələrini bölüşüblər. Mərasimdən sonra iştirakçılar F.Mursaqulovun məzarını ziyarət ediblər.
Fikrət Mursaqulov 1955-ci il iyulun 10-da Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra Bakıda qalıb işləyib, gözdən əlil insanlar üçün nəzərdə tutulmuş mətbu orqanın redaktoru olub. 34 yaşında dünyasını dəyişib.
* * *
Millət vəkili Ə.Amaşov Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində də olub. O, Mətbuat Şurası ilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə layihəsi üzrə nəzərdə tutulan kitabların bir hissəsini mərkəzə təqdim edib. Layihənin məqsədi Gürcüstandakı Azərbaycan məktəblərini və mədəniyyət mərkəzlərini kitablar və müxtəlif tədris vəsaitləri ilə təmin etməkdir.