Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas amillərdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir.
   
   Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədə qeyri-maddi mədəni irsin qorunması, dəstəklənməsi, təbliği və təşviqi istiqamətində aparılan islahatlar uğurla həyata keçirilir. “2012-2016-cı illərdə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın imzalanması da bunu bir daha təsdiq edir.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli bildirir ki, Nazirliyin əmrinə əsasən, Azərbaycan qeyri-maddi mədəni irsinin dəstəklənməsinin mərkəzi və yerli təminat mexanizmlərinin monitorinqi keçirilib: «Mərkəzi və yerli təminat mexanizmləri üzrə aparılan monitorinq zamanı qeyri-maddi mədəni irs sahəsi üzrə bu vaxta qədər mövcud olan Azərbaycan Respublikasının qanunları, müvafiq normativ-hüquqi sənədlər, beynəlxalq konvensiyalar, dövlət büdcəsindən sahənin inkişafına ayrılmış maliyyə vəsaitləri, təşkil olunmuş və iştirak edilmiş milli və beynəlxalq konfrans, sərgi, seminar və digər tədbirlər, nəşr edilmiş kitablar və çəkilmiş filmlər, Mədəniyyət evləri, klub-park və müvafiq mərkəzlər şəbəkəsində aparılan işlər və s. barədə toplanmış məlumatlar əsasında sahənin mövcud vəziyyəti təhlil edilib. Monitorinqin nəticələri nəzərə alınmaqla müvafiq konsepsiya, proqram və layihələr hazırlanaraq həyata keçirilir».
   Qeyd edək ki, qeyri-maddi mədəni irsimizin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, nazirlik tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq edilib. Proqramın icrası ilə əlaqədar, diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınaraq təhlil edilib və 2010-cu ildə Gəncə Azərbaycanın Əfsanələr Paytaxtı, Şəki Azərbaycanın Sənətkarlıq Paytaxtı, Qazax Azərbaycanın Folklor Paytaxtı, 2011-ci ildə isə Şabran Azərbaycanın Əfsanələr Paytaxtı, Lənkəran Azərbaycanın Folklor Paytaxtı, İsmayıllı isə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan olunub.
   Sektor müdirinin sözlərinə görə, təsdiq edilmiş tədbirlər planına əsasən, “paytaxt” seçilmiş şəhərlərdə il ərzində nominasiyaya uyğun təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr, festivallar, sərgilər və sair tədbirlər təşkil edilir.
   Söhbət əsnasında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən “Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankının yaradılması” haqqında imzaladığı əmrdən bəhs edən Y.Hüseynli bildirdi: «Həmin əmrə əsasən, İnformasiya bankında qeyri-maddi mədəni irs sahəsində fəaliyyət göstərən subyektlər- «Azərbaycan xalq tətbiqi (təsviri, dekorativ) sənəti ustaları; folklor (xalq musiqisi, teatrı, şifahi yaradıcılığı) ifaçıları və kollektivləri; folklor, sənətkarlıq, diyarşünaslıq üzrə tədqiqatçılar; qeyri-maddi mədəni irs sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və özəl qurumlar haqqında dolğun, ətraflı məlumatları və yaradıcı nailiyyətləri özündə əks etdirən xüsusi portfoliolar yaradılır».
   Bundan başqa, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən milli mənəviyyatın və mədəniyyətin inkişaf özəyini təşkil edən diyarşünaslıq (adət-ənənə, bayram-mərasim, rəmz-sirr), folklor (xalq musiqisi və rəqsləri, şifahi xalq yaradıcılığı, milli oyun-tamaşa) və sənətkarlıq (xalq tətbiqi, dekorativ və təsviri sənəti) üzrə qeyri-maddi mədəni irs abidələrinin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması məqsədilə “Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reyestri”nin layihəsi də tərtib edilir.
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən beynəlxalq mədəni-turizm marşrutlarının yaradılmasının da xüsusi əhəmiyyət kəsb etdiyini deyən Yaşar müəllim, bu marşrutların “Muğam-tur», «Aşıq-tur», «Xalça-tur» və «Novruz-tur» olduğunu qeyd etdi: «Azərbaycan muğamının, aşıq sənətinin və Novruz bayramının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Təmsil Siyahısına daxil edilməsini və Azərbaycan xalçasının adıçəkilən siyahıya salınması ilə bağlı hazırlıq işlərinin həyata keçirilməsini nəzərə alaraq, habelə Azərbaycan qeyri-maddi mədəni irsinin təbliği, milli mədəni-turizm sənayesinin inkişafı, xalq tətbiqi sənət ustalarının, folklor ifaçıları və kollektivlərinin, milli adət-ənənələrin, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Nazirlik tərəfindən “Muğam-tur, Aşıq-tur, Xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutlarının yaradılması” barədə əmr imzalanıb. Özəl turizm şirkətlərinin və qeyri-hökumət təşkilatlarının da cəlb ediləcəyi layihənin icrası ilə əlaqədar Azərbaycana gələn xarici turistlərin sayının artırılması, bölgələrdə sosial-mədəni həyatın canlandırılması, rekreativ mədəni-turizm xidmətlərin genişləndirilməsi, yeni iş yerlərinin açılması və s. gözlənilir».
   Qeyd edək ki, hazırda “2011-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”, sahəyə həsr olunmuş veb-portalın yaradılması, digər konseptual proqram və layihələr üzrə işlər davam etdirilir.
   
   Mehparə







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar