Bir vaxtların əzəmətli sarayından giriş portalı və bərpa olunmuş kiçik məscid günümüzə gəlib çıxıb
   
   Zəngin tarixə malik Azərbaycan memarlığında iqamətgahlar, saraylar da mühüm yer tutur. Şirvanşahlar sarayı, Şəki xanlarının, Naxçıvan xanlarının, Lənkəran xanlarının, Bakı xanlarının sarayları zəngin memarlıq tariximizdən xəbər verir. Bu saraylardan bəziləri bu günə qədər qorunub-saxlanılsa da, təəssüf ki, onların sırasında zaman-zaman dağıntıya məruz qalanlar da olub. Bu sıraya haqqında söhbət açacağımız Bakı xanlarının evini də aid etmək olar.
   
   Şirvanşahlar dövlətinin süqutundan sonra, XVIII əsrdə Azərbaycan ərazisində yaranan xanlıqlar dövründə Bakı xanları Şamaxı qapısının (indiki Qoşa qala qapıları) sol tərəfindəki ərazidə yerləşən sarayda yaşayıblar. Saray maraqlı memarlıq quruluşuna malik olub. Ərazidə aparılan arxeoloji ekspedisiya qrupunun rəhbəri, professor Kamil İbrahimov Bakı xanlarının evinin memarlıq quruluşu baxımından Şəki xan sarayına bənzədiyini bildirir: «Bakı xanlarının evi düzbucaq formalı iç-içə otaqlardan ibarət olub. Sadə memarlıq quruluşuna malik olan tikili Şəki Xan sarayına bənzər bir sarayı xatırladıb. Vaxtilə bu ərazidə hovuzlu, gül-çiçəkli bağça da mövcud imiş. Bu əzəmətli saraydan hazırda sadəcə giriş portalı və bərpa olunmuş kiçik məscid salamat qalıb».
   Bakı xanlığı 1747-ci ildən 1806-cı ilədək müstəqil xanlıq kimi mövcud olub. Saraya gəlincə, burada I Mirzə Məhəmməd xan, Məlik Məhəmməd xan, II Mirzə Məhəmməd xan, Məhəmməd Qulu xan, Hüseynqulu xan yaşayıblar. Tədqiqatçı K.İbrahimovun sözlərinə görə, sonuncu Bakı xanı Hüseynqulu xanın tariximizdə xüsusilə əhəmiyyətli yeri var: “Huseynqulu xan I Mirzə Məhəmməd xanın nəvəsidir. Hüseynqulu xan 1792-ci ildə əmisi Məhəmmədqulu xanın vəfatından sonra taxta cıxmışdır. O, yeznəsi Qasım bəy Mansurxan bəy oğlunun və digər yaxın bəylərin köməyi ilə hakimiyyətə gəlib, 14 il, 1806-cı ildə ruslar Bakını alanadək burada hakimlik edib”.
   Rus qoşunlarının şəhəri işğal etməsi zamanı böyük qarət və dağıntılara məruz qalan sarayla bağlı geniş məlumatlar burada aparılan arxeoloji qazıntılar zamanı əldə edilib. K.İbrahimovun sözlərinə görə, 1985-1986-cı illərdə Bakı xan sarayının ərazisinin bir hissəsində arxeoloji qazıntılar aparılarkən buradan külli miqdarda maddi-mədəniyyət nümunələri ilə yanaşı, kəhriz sistemi və yeraltı memarlıq tikililəri də aşkar olunub: «Burada XI-XIII əsrlərə aid dulus küplər, çoxlu sayda monoxrom (təkrəngli) və polixrom (çoxrəngli) qab qırıqları, ocaq yerləri tapıldı. Ən maraqlısı ərazidə aşkar edilən su kəməri idi. Arxeoloji qazıntı və kəşfiyyat zamanı, eləcə də torpaq təmizləməsi zamanı saxsı borulardan səliqə ilə çəkilmiş maraqlı yeraltı su kəməri diqqəti cəlb edirdi.
   Şimal-cənub istiqamətində uzanan boruların bir-birinə geydirilməsi texnikası ilə ərsəyə gələn su kəməri texnikası XIV əsrə aid idi. Bəllidir ki, İçərişəhərdə şəhər mədəniyyəti IX əsrdə formalaşıb. Beş əsr sonra isə belə bir texnika əsasında kəmər qurulub. Bu günə qədər də həmin ərazidən axan bu su çox durudur».
   Qeyd edək ki, Xan sarayının ərazisində qala divarlarının dibində yeraltı hamam da olub. Bu adsız hamamın təqribən XIV əsrin sonları XV əsrin əvvəlləri Şirvanşahlar dövlətinin dinclik və əmin-amanlıq dövründə inşa olunduğunu deyən mütəxəssis onun hələ də torpaq altında qaldığını bildirir: «İçərişəhərin bütün hamamları kimi bu hamam da temperatur rejimini sabit saxlamaq üçün yer altında tikilib. Vaxt keçdikcə torpaq qatının qalınlığı artaraq onu tamam örtüb. Hamamın yer altında olmasına baxmayaraq, indiyə qədər qalmış divarlarına görə demək olar ki, onun otaqlarının üstü günbəzlə örtülüb. Hamamın günbəzləri isə yer səthindən yuxarıda yerləşibmiş. Günbəzdə olan deşiklərdən hamamın içərisinə işıq düşürmüş. Bu növ hamam sistemi Bakı və Abşeron üçün tipikdir».
   1806-cı il rusların Bakını işğalından sonra xan sarayında və həyətində rus hərbi qarnizonu yerləşdirilib. Məhz həmin dövrdə istifadəyə yararsız olan və bir hissəsi uçmuş hamamın günbəzləri sökülərək üzəri torpaq qatı ilə örtülür.
   
   Mehparə







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar