Tarixi məkanların rəqəmsal elektron xəritələrinin yaradılması mədəni irsimizin öyrənilməsinə yeni imkanlar açır
Tarix-mədəniyyət abidələri zəngin mədəni irsimizin daşıyıcısı olmaqla yanaşı, həm də gələcək nəsillər üçün uzaq keçmişin memarlıq peşəkarlığı və xalq sənətkarlığı haqqında bir xatırlamadır. Eyni zamanda bu abidələr mədəni, tarixi irsimizi dünyaya tanıdır, onları heyranlıqla seyr edən əcnəbi turistlərdə xalqımızın mədəniyyəti haqqında təsəvvür yaradır. Bu baxımdan da xalqımızın mədəni incisi olan, UNESCO-nun Dünya İrs Siyahısına salınmış İçərişəhər tarix-memarlıq kompleksi abidələri bəşəriyyətin ümumi sərvətinə çevrilib.
Tarix elmləri doktoru, tanınmış arxeoloq Kamil İbrahimov Azərbaycan xalqının mədəniyyət tarixini düzgün işıqlandırmaq üçün orta əsr şəhər həyatının tədqiq olunmasının böyük elmi əhəmiyyəti olduğunu deyir: «Hazırda tarixi, arxeoloji, numizmatik və epiqrafik materiallara əsaslanaraq bu problem məsələ hərtərəfli öyrənilir. Lakin inteqrasiya və qloballaşmanın vüsət aldığı müasir dünyada mədəni irsin öyrənilməsi və qorunması işində yeni elektron texnoloji metodların tətbiqinə ehtiyac duyulur.
Təəssüf ki, bazar iqtisadiyyatı, xüsusi mülkiyyətçiliyin inkişafı bir çox tarixi, mədəni və memarlıq abidələrinin məhvinə də yol açır. Bir sıra binaların şəxsi mülkiyyətdə olması, onların özəlləşdirilməsi nəticəsində həmin tikililərin memarlıq görkəmi və planlaşdırılması da əsaslı şəkildə korlanır. Bu halların qarşısının alınması üçün dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Ölkə Prezidentinin “Bakı şəhərində tarixi memarlıq abidələrinin bərpası və qorunması haqqında” 18 avqust 2006-cı il tarixli sərəncamına uyğun olaraq tarixi memarlıq abidələrini milli mədəni sərvət kimi qoruyub saxlamaq, ölkəmizə gələn çoxsaylı əcnəbi qonaqların arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədilə silsilə tədbirlər həyata keçirilir”.
İçərişəhərin rəqəmli elektron xəritəsi tərtib olunub
Müasir dünyada tədqiqat üsulları kosmik və yerüstü texnologiyanın tətbiqinə əsaslanır. Buraya məsafədən tutma, kosmik fotoqrammetriya, stereoqrammetriya, kosmik və ya ərazidən skanlaşdırma və s. aiddir. K.İbrahimovun sözlərinə görə, yerüstü lazer skanlaşdırıcılarının tətbiqi ilə abidənin xarici və daxili ölçülərinin 3D variantda nöqtələr çoxluğunu əldə etmək mümkündür ki, bu nöqtələrin hər biri ölçü məlumatlarına malikdir. Belə nöqtələrin vektorlaşdırılması ilə memarlıq abidələrinin real vəziyyətinə dair layihələrini hazırlamaq, abidənin bərpadan əvvəlki vəziyyətinə dair qiymətli informasiya daşıyıcılarına malik olmaq olar. Müxtəlif dövrlərə aid aerofoto və kosmik şəkilləri toplayaraq tarixi şəhərin quruluş planlarında baş verən dəyişikliklərin xronologiyasını təhlil etmək olar. Memarlıq abidələri haqqında əldə olunan məlumatların əsasında rəqəmli xəritələrin tərtib olunması, geniş texniki imkanlara malik kompyuter proqramlarının hazırlanması, abidələrin öyrənilməsinə, məlumatların sistemləşdirilib saxlanılmasına etibarlı təminat yaradır».
Müasir dövrdə cəmiyyətin ən əsas inkişaf istiqamətləri həyatının bütün sahələrinin kompyuterləşdirilməsi və informasiyalaşdırılmasıdır. İnformasiya bolluğu şəraitində məlumatların çox sürətlə toplanılması və eynilə sürətli analiz olunub istifadəçilərə çatdırılması əsas şərtdir. Bunu, sadəcə, bir texnoloji proses kimi yox, tam şəkildə yenilənə bilən yekun bir sistemin yaradılması ilə həyata keçirmək olar.
Həmsöhbətimin fikrincə, müəyyən bir sərhədlərə malik olan ərazidə planlama, məlumat tərkibi, mühəndislik, tarixi məlumatların etibarlı şəkildə analiz və idarəolunmasında CİS (coğrafi informasiya sistemi) mükəmməl sistemdir: «CİS texnologiyası, xəritələrinin əsasında təqdim olunmuş bütün məlumatların vizual olaraq fəza coğrafi təhlilini, baza məlumatları və qiymətləri üzrə statistik araşdırmaları geniş əhatə etmək imkanlarına malikdir. Bu texnoloji yeniliyi tətbiq etməklə “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisinin rəqəmli elektron xəritəsi tərtib olunub. Eyni qaydalar üzrə arxeoloji abidələr və arxeoloji qazıntı əraziləri üzrə də xəritə tərtib olunmuş və atribut məlumatlar əlaqələndirilmişdir. Yaradılmış elektron xəritə və məlumat bankının köməyi ilə müxtəlif tarixi dövrlər üzrə şəhərin dəyişən planının izlənməsi və tədqiq edilməsi daha aydın olur”.
Yeni tədqiqat üsulları nə vəd edir?
XVII-XIX əsrin əvvəllərində aparılan planlaşdırmanın qədim şəhərlərin quruluşunu və kompozisiyasını kəskin dəyişməsinə baxmayaraq, əsas şəhər ansamblları öz fəal kompozisiya əhəmiyyətini qoruyub saxlaya bilib. Xəritə məlumatlarının araşdırılması zamanı müxtəlif tarixi dövrlərdə ərazinin yerləşmə planının dəyişməsi müşahidə edilir. Buna misal olaraq 1835-ci ildə tərtib olunmuş Bakı qalasının yenidən planlaşdırılması layihəsini göstərmək olar. Həmin plan üzrə dəyişikliyin bəzi detallarını elektron xəritə əsasında izləmək mümkündür.
Arxeoloqun sözlərinə görə, İçərişəhərdə 1947-ci və 1958-1962-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı üzərində bağ salınmış torpaq örtüyünün altından böyük hamam (26 otaqlı) kompleksi aşkar edilib. Hamam Şirvanşahlar saray kompleksinin tərkibinə daxildir: “Bundan əlavə, şimal-şərq qala divarları dibində, qoşa qala qapılarına yaxın, vaxtilə Bakı xanlarının evinin ərazisində, yerin altında hazırda orta əsrlərə aid hamam var. Bu hamam kompleksində yeraltı lazer skanerinin tətbiqi ilə abidənin xarici və daxili ölçüləri 3D variantda skanlaşdırılıb. Bununla da həm bu ərazidə gələcək konservasiya işlərinin aparılması üçün zəmin yaranıb, həm də bütün bu məlumat bankı GİS xəritəsinə köçürülüb”.
Mövzu ilə bağlı görüşdüyümüz digər mütəxəssis Sahib Şükürov bildirdi ki, İçərişəhərin elektron xəritəsi son 50 ilin arxeoloji qazıntıların bütün məlumat və informasiyaları, həmçinin foto və memarlıq planları əsasında yaradılıb və bu məlumat bankı GİS xəritəsinə köçürülüb: “GİS xəritəsinə daxil ola bilən hər bir istifadəçi elektron variantda şəhərin arxeoloji tarixi ilə tanış ola bilər”.
Beləliklə, ölkə ərazisindəki bütün qiymətli milli sərvətimiz olan tarixi və mədəni memarlıq, arxeoloji abidələrimizin müasir texnologiyalar əsasında tədqiq edilərək sistemləşdirilməsi onların tarixi, memarlıq, hüquqi, mədəni əhəmiyyəti haqqında araşdırmaların aparılmasına geniş şərait yaradır. Respublika ərazisində olan bütün abidələrin belə sistem vasitəsilə öyrənilməsi, xəritələşdirilməsi mədəni irsimizin öyrənilməsində və onun qorunub saxlanılmasında faydalıdır.
Mehparə