Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan musiqisinin dahi klassiki Üzeyir Hacıbəylinin 125 illiyi ərəfəsində görkəmli bəstəkarın musiqi məktəblərinin şagirdləri üçün yeni dərs vəsaitini dərc etdirib.
   Bakı Musiqi Akademiyasından bildiriblər ki, bu təhsil ocağının məktəb-studiyasının bədii rəhbəri və direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov tərəfindən nəşrə hazırlanmış yeni vəsait Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsərinin adaptasiyalı nəşridir.
   Kitabın adaptasiyalı nəşri ideyası təsadüfən yaranmayıb. T.Seyidovun rəhbərlik etdiyi məktəb-studiyada müxtəlif ixtisaslı gələcək musiqiçilərin ən münasib professional hazırlığı üzrə ardıcıl surətdə eksperimental-metodik iş aparılır.
   Üzeyir Hacıbəylinin adaptasiya olunmuş nadir kitabının əsas məqsədi musiqi məktəbləri şagirdlərini milli köklərə, Azərbaycan xalq sənətinin əsaslarına yaxın etmək, milli musiqi eşitmə və təfəkkürü sahəsində gen yaddaşının bərpa edilib fəallaşdırılmasından ibarətdir.