Novruz Novruzlu: «Bizim musiqi qrupu ruh üstündə yaranıb»
      
   Bu gün ölkəmizin musiqi aləmində fərqli ad və fərqli ampluada çoxlu qruplar, ansambllar fəaliyyət göstərir. Onların arasında öz dəst-xətti, repertuar seçimi və ifa tərzi ilə fərqlənən bir qrup da var. Bu, “Savalan” mistik musiqi qrupudur.
   
   Bu yaxınlarda 10 yaşını qeyd edən qrupun rəhbəri, xanəndə Novruz Novruzlu musiqinin insan ruhuna təsir edən ən güclü vasitə olduğunu deyir. Qrupun adı və yaranma tarixi haqda məlumat verən N.Novruzlu Savalan dağının şimallı-cənublu Azərbaycanın birlik simvolu olduğunu qeyd etdi: «Biz də bu dağın ucalıq, saflıq, birlik və təmizliyini əsas götürərək qrupumuza “Savalan” adı vermişik. “Savalan” qrupu 2000-ci ildən yaranıb, ancaq biz 2002-ci ildən fəaliyyətə başlamışıq. Qrupun yaranma təşəbbüskarı İsaq Ozanoğludur. Bu qrupu yaratmaqla biz öz daxili aləmimizi musiqi dili ilə ifadə edirik. Muğam Teatrında məşq edən zaman mətbuat bizimlə maraqlandı, qəzetlərdə haqqımızda yazılar dərc edildi. Bundan sonra telekanallara dəvət aldıq».
   N.Novruzlunun dediyinə görə, «Savalan» qrupu, Azərbaycan telekanalları ilə yanaşı, dəfələrlə Türkiyənin TRT, TGRT, STV və İraqda yayımlanan Kərkük TV-də çıxış edib, tamaşaçıların böyük rəğbətini qazanıb. AzTV-də lentə alınmış “Seyid Nigari”, “Yunis Əmrə”, “Nəimi”, “Təbriz” televiziya filmlərində də musiqi parçalarını «Savalan» qrupu ifa edib. 2009-cu ildə qrup “GünAz” TV-nin təşəbbüsü ilə ABŞ-ın Çikaqo şəhərinə səfər edib, orada “GünAz” TV-nın 4 illiyi ilə əlaqədər olaraq bir neçə konsert proqramı ilə çıxış edib.
   «Savalan»ın yaradıcı heyətinə gəlincə, hazırda qrup Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (Baxşəliyev) (saz və ud), Cavad İsmayıl (ney), İffət Əsgərov (kamança) və Novruz Novruzludan ibarətdir. O ki qaldı «Savalan»ın ifa etdiyi musiqi əsərlərinə, həmsöhbətim deyir ki, qrupun özünəməxsus repertuarı var: «Qrupun repertuarında isə əsasən ilahilər, türkülər və bədii-musiqili kompozisiyalar üstünlük təşkil edir. Bu gün şou aləmində fəaliyyət göstərən musiqiçilər çoxluğun istəyini nəzərə alır, buna uyğun da repertuarını seçir və biznes qurur. Bizim qrup ruh üstündə yaranıb. Bu gün Azərbaycanda səs-küy, ritm, şou aləmi insanları çox yorub. Hər hansı bir auditoriyada sakit bir proqramla çıxış edəndə görürsən ki, ətrafında nə qədər tamaşaçı auditoriyası toplaşıb. Bu da onu göstərir ki, insanların daxilində ciddi musiqiyə və sənətə ehtiyac var. Sadəcə olaraq, ciddi musiqi təqdim edərək tamaşaçıların zövqünü düzgün istiqamətə yönəltmək lazımdır və biz də bunun üçün çalışırıq».
   ”Savalan” qrupunun ən maraqlı işlərindən biri də Dövlət “Yuğ” Teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşalarıdır. N.Novruzlunun dediyinə görə, bunlardan biri Qalib Məmmədov və Fəxrəddin Salimin yaradıcılığından ibarət hazırlanmış “Üz tuturam Tanrıya” və ikincisi, böyük Yunis Əmrə yaradıcılığını əhatə edən “Olsun” meditasion-ruhani tamaşası olub: «Hazırladığımız bu kompozisiyalar sahəsində çox gözəl bir məclis alındı. Tamaşamız uzun müddət “Yuğ” Teatrının səhnəsində göstərildi».
   Onu da qeyd edək ki, “Savalan”ın internet saytı (www. savalan.us) da istifadəyə verilib. Sayt 4 dildə - Azərbaycan, ortaq türkcə, rus və ingilis dilində hazırlanıb. Qrup yaxın aylarda solo-konsert proqramı ilə çıxış etmək niyyətindədir.
   
   Fəxriyyə Abdullayeva 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar