Dövlət Film Fondu tanınmış musiqiçilərin arxivini yaratmağı planlaşdırır. Fonddan bildiriblər ki, bir neçə il əvvəl görkəmli kino xadimlərinə aid sənədləri arxivləşdirən qurum hazırda paralel olaraq həmin filmlərə musiqilər yazan bəstəkarların, müğənnilərin haqqında materialları toplamaqla məşğuldur.
Fond bununla bağlı son illərdə bir çox dövlətlərin milli arxiv fondları ilə memorandum imzalayıb. Məqsəd həmin fondlarda saxlanılan Azərbaycan filmləri haqqında materialları ölkəmizə gətirərək arxiv fondumuza daxil etməkdir. Hazırda fondda 30-a yaxın görkəmli kino xadiminin şəxsi arxivi, 400-dək aktyor, rejissor, operatorun isə şəxsi məlumat qovluqları qorunub saxlanılır.