Sentyabrın 19-da Dövlət Filarmoniyasında “Üzeyir Hacıbəyli - 125” Beynəlxalq musiqi festivalı çərçivəsində Türkiyənin “Orfeon” kamera xorunun konserti oldu. Tamaşaçılar arasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, musiqi xadimləri, mədəni ictimaiyyətin nümayəndələri yer almışdı.
      
   Tamaşaçılar tərəfindən maraq və alqışla qarşılanan konsertdə Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Erdal Tuğcular, Müəmmər Sun, Orlando di Lasso, Con Farmer, Astor Piazzola, İrvinq Berlin, Antonin Dvorjak kimi dünya şöhrətli bəstəkarların əsərləri və xor üçün işlənmiş dünya folklor nümunələri səsləndirildi.
   Qeyd edək ki, “Orfeon” kamera xoru 1994-cü ilə qədər çoxsəsli xorlarda fəaliyyət göstərib. Maraqlıdır ki, xor kollektivində ali təhsilli musiqi savadı olan insanlar yoxdur. Kamera xoru çoxsəsli xor musiqisi ilə həvəskar olaraq maraqlanan müxtəlif peşə qruplarındakı insanlar tərəfindən formalaşdırılıb. Xorun əsas məqsədi dünya xor musiqisini və türk xor musiqisi ədəbiyyatlarının müxtəlif dövrə aid seçmə nümunələrini milli və beynəlxalq festivallarda ifa etməkdir. 1994-cü ildə fəaliyyətinə İbrahim Yazıçının bədii rəhbərliyi ilə başlayan “Orfeon” kamera xoruna 1995-1999-cu illərdə İgid Aydın rəhbərlik edib. 1999-cu ildən isə “Orfeon” kamera xoruna həmyerlimiz Elnarə Kərimova bədii rəhbərlik edir. Xor bir çox beynəlxalq festivalların qalibi olmaqla yanaşı, müxtəlif ölkələrdə uğurlu konsert proqramları ilə çıxış edib.
   
   İntiqam Hacılı