Musiqi Mədəniyyəti Dövlət Muzeyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə professional musiqimizin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi”nin xalq çalğı alətləri üçün partiturasını nəşr etdirib.
Sentyabr 24-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəyli -125 Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın “Ləzgi rəqsi”nin ilk nəşrinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru və nəşrin redaktoru, sənətşünaslıq namizədi Alla Bayramova bildirib ki, Üzeyir bəy “Ləzgi rəqsi”ni 1932-ci ildə yazıb. Muzeyə isə əsər 1972-ci ildə dirijor Əşrəf Həsənovun arxiv materialları əsasında daxil olub. Əsər bir neçə il əvvəl muzeydə keçirilən “Səslər və kəşflər” tədbirində Gülağa Zeynalovun rəhbərlik etdiyi orkestrdə səsləndirilib”.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkə prezidentinin sərəncamına uyğun olaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə bir-birindən maraqlı tədbirlər keçirildiyini vurğuladı. O, bəstəkarın indiyə kimi işıq üzü görməyən “Ləzgi rəqsi“ əsərinin partiturasının nəşrini əlamətdar mədəni hadisə olduğunu dedi. Qeyd etdi ki, bu, musiqi kollektivləri üçün böyük bir hədiyyədir.
Çıxışlardan sonra Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri orkestrinin (bədii rəhbəri Gülağa Zeynalov) ifasında Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi” təqdim olundu. “Koroğlu” uvertürası, “Sevgili canan“ romansı, “Qaragöz”, “Sən o yanda, mən bu yanda” mahnıları, “Günay” Uşaq Teatrının ifasında “Arşın mal alan“ musiqili komediyasından fraqmentlər səsləndirilib. Sonda muzeyin hazırladığı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd-şou da nümayiş etdirilib.
Savalan Fərəcov