Daşkənddə rus dilində nəşr olunan “Qarmoniya” jurnalının son nömrəsində iqtisad elmləri namizədi Muxsin Qəniyevin SSRİ Xalq artisti Bülbül haqqında “Azərbaycan bülbülü” sərlövhəli məqaləsi dərc edilib. 
   
   Müəllif qeyd edir ki, Bülbül Daşkəndə tez-tez gələrmiş, onun burada çoxlu dostları var idi. Daşkənd Opera və Balet Teatrında böyük Üzeyir Hacıbəylinin “Koroğlu” operası tamaşaya qoyulanda Bülbül bu tamaşaya baxmaq üçün xüsusi olaraq Daşkəndə gəlib. Dahi sənətkar hətta bir gün Koroğlu rolunda çıxış edib.
   Məqalədə Bülbülün təhsil illəri, o cümlədən İtaliyada təhsil almasından, Azərbaycan Dövlət Opera və Balet Teatrındakı fəaliyyətindən geniş söhbət açılır. Qeyd olunur ki, Bülbül bu teatrda klassik və Azərbaycan bəstəkarlarının operalarında çıxış etməklə yanaşı, xalq mahnılarını ustalıq və məharətlə ifa edib.
   Bülbül təkcə dünya şöhrətli vokal ifaçısı kimi deyil, pedaqoji və elmi fəaliyyəti, həmçinin Şərq musiqisinin kamil bilicisi və gözəl təşkilatçısı kimi də yaddaşlarda yaşayır.
   Məqalədə həmçinin qeyd edilir ki, Bülbüllə yanaşı, Özbəkistanda Xan Şuşinski, Şövkət Ələkbərova, Rəşid Behbudov, Zeynəb Xanlarovanın ifaları da çox sevilir. 1997-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” Birinci Beynəlxalq Musiqi festivalında “Qran pri” mükafatına layiq görülmüş Simarə İmanova da Özbəkistanda yaxşı tanınır.