Göyçay rayon Arif Məmmədov adına Uşaq Musiqi Məktəbində 458 nəfər şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 96 nəfər müəllim məşğul olur. 2010-2011-ci dərs ilində məktəbə 80 nəfər şagird qəbul edilib.
   Musiqi məktəbinin kollektivi rayon miqyasında, həm də respublika miqyasında keçirilən müsabiqə və digər mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir. 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində musiqi məktəbinin şagirdlərinin dərs ilinin yekunlarına həsr olunmuş hesabat konserti də rayonun maraqlı mədəniyyət hadisələrindən birinə çevrildi. Göyçay rayon mərkəzindəki R.Rza adına Mədəniyyət evində təşkil olunan konsert proqramında şagirdlər Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərlərini ifa ediblər. Bethoven, Bax, Şopen, Motsart, Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, T.Quliyev və s. bəstəkarların musiqilərindən parçalar ifa edən şagirdlər bu sənət imtahanından uğurla çıxıblar.
   Rayon İcra Hakimiyyətinin müavini R.Rəcəbova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri S.Şükürov, məktəbin direktoru R.Zamanov tədbirdə çıxış edərək kollektivin uğurlarından söhbət açıblar.