Dekabrın 5-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda M.Müşfiqin yubileyinə həsr edilən ədəbi-bədii gecə keçirildi. Əbəbi-bədii gecəni giriş sözü ilə açan kitabxana fondunun direktoru Nüşabə Ələkbərova şairin həyat və yaradıcılığından söz açaraq onun ədəbiyyat tariximizdəki xidmətləri haqqında danışdı: “Bu gün biz Müşfiq şeirinin istisinə qızınaraq, onun qısa, lakin mənalı ömür kitabını vərəqləmək arzusu ilə toplaşmışıq. M. Müşfiq Azərbaycan ədəbiyyatına yeni forma və ruh gətirdi. Tanrı ona cismən qocalmaq macalı vermədi - cəmi 29 il yaşadı. Həmişə cavan qalan Müşfiqin şeirləri də həmişə yeni ruhda, yeni nəfəsdə qalacaqdır”. Müşfiq yaradıcılığının tədqiqatçısı, xalq yazıçısı Gülhüseyn Hüseynoğlu, “Müşfiq ocağı”nın yaradıcısı Əbülhəsən Əhmədov, şair-publisist Şəhla Gündüz, vətənpərvərlik mahnılarının gözəl ifaçısı Şəmistan Əlizamanlı və başqa qonaqlar da Mikayıl Müşfiqin təkrarsız poetikasından, ecazkar söz sənətindən danışdılar. Tədbir M. Müşfiqin şeirlərindən və şeirlərinə bəstələnmiş musiqilərdən ibarət proqramla davam etdi. “Uşaq teatrı”nın aktyorları şairin “Gecə düşüncələri”, “Qurban olduğum”, “Yenə o bağ olaydı” və digər şeirlərini oxudular. Respublikanın xalq artisti Ağaxan Abdullayevin ifası gecəyə xüsusi rövnəq verdi. Mərasimdə iştirak edən Müşfiq nəslinin nümayəndələri - əmisi oğlu, şair Yunis Dağlının övladı şair Vahab və oğlu Müşfiq İsmayılzadələr tədbiri təşkil edənlərə təşəkkürlərini bildirdilər. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev gecəyə yekun vuraraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı, M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunun kollektivinə işlərində uğurlar arzuladı. «Mədəniyyət»