Tarixdən səhifələr
Əxilik İslamda sufi təriqətlərindən biri olub. Əxi sözü ərəbcədən “qardaşım” anlamını verir. Abbasi xilafətinin dövründə qurulan sufi cərəyanı Xəlifə Nasir tərəfindən dəstəklənmiş və geniş yayılmışdır. Pozulan ictimai nizamı yenidən tənzimləmək istəyən xəlifə bu düşüncəni gerçəkləşdirmək üçün böyük mütəfəkkir Şəhabəddin Sührəverdiyə “Kitabül fütüvvət” adlı əsər yazdırmış və bu əsəri ətraf ölkələrə yaymışdır.
Əsər Anadoluda da yayılır və burada ilk əxilik təşkilatları yaranmağa başlayır. Təşkilata Əxi Evrən adı ilə tanınan, mənşəcə azərbaycanlı olan sufi alimi Şeyx Nəsrəddin Mahmud Xoyi rəhbərlik edirdi.
Əxiliyə qəbul olanın mütləq bir sənətə sahib olması vacib idi. Çünki əxi halal qazancla yaşamağı öhdəlik olaraq götürürdü. Bu sahədə təsəvvüf fəlsəfəsi və ədəbiyyatı sahəsində yüzlərlə əsərlər yaradılmışdır. Əxilik mədəniyyətinin yayılmasında xanımların da böyük rolu olmuşdur. Ucqar yerlərdə yerləşən əxi təşkilatları isə əxi təkiyə və zaviyələrini qururdular. Əxilik Azərbaycanda XI-XV əsrlərdə mövcud olmuşdur.
Azərbaycanın bir çox yerlərində əxi abidələrinə rast gəlmək olar. Buna misal olaraq Əxi təvəkkül zaviyəsini - Dərələyəz mahalında azərbaycanlılara məxsus tarixi abidəni (XII-XIII) göstərə bilərik.
Belə abidələrdən biri də Bakının Kürdəxanı qəsəbəsində yerləşir. Kəndin qərb tərəfindəki qəbiristanlıqda vaxtilə bir əxi zaviyəsi olmuşdur. Hazırda abidənin bünövrəsi qalmaqdadır. Zaviyənin kitabəsi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində saxlanır. Kitabə ərəbcə iki sətirdən ibarətdir. Həmin sətirlərin tərcüməsi belədir: “Bu şərəfli zaviyəni Hacı Əbailə oğlu Nurullah şeyxlərinin qabaqcıl, əzəmətli Şeyx Əli Şirəman.... üçün səkkiz yüz əlli ikinci ildə tikilmişdir” (miladi 1448 - L.A.). Kitabə vaxtilə tarixçi alim Ə.Ələsgərzadə tərəfindən oxunmuşdur. Abidə oxunarkən məlum olmuşdur ki, Abşeronda XIV əsrin birinci yarısında Əxi zaviyəsi təşkil edilmişdir.
1861-ci ildə Bakıda olmuş akademik V.Dorn Qafqaz səyahəti haqqındakı hesabatında şəhərin qala qapılarında Əxi Ramazan Əşşirvaninin adı ilə bağlı hicri tarixlə 786-cı ilə aid bir kitabəyə rast gəldiyini bildirir (miladi təqribən 1377). Beləliklə, buradan göründüyü kimi, Azərbaycanda nəinki XV əsrdə, hətta XIV əsrin ortalarında da əxi zaviyəsi olmuşdur. Caminin “Nəfəhatülüns” əsərində Əxi Fərrux Zəncaninin adı çəkilir. Səmərqəndinin verdiyi məlumata görə, böyük şair Nizami Əxi Fərruxun müridi olmuşdur.
XIV əsrin ərəb səyyahı İbn Butətənin yazdığına görə, əxilər zülmkarlara qarşı mübarizə aparan, sənətkarların mənafeyini güdən bir cəmiyyət olmuşdur. Əxilər həm də xarici dövlətlərdən gələn qərib adamları qonaq edərək, onların maddi ehtiyaclarını ödəyirlərmiş. Cəmiyyətin üzvləri sənət sahibi olan subay gənclərdən ibarət olmuşdur. XII əsrdə Məhsətinin rübailərində də bu mövzulara rast gəlirik. Azərbaycanda yayılmış əxilər cəmiyyətinin ictimai-mədəni əhəmiyyəti bu günə kimi tam tədqiq edilməmiş tarix səhifələrindəndir. XIV-XV əsrlərdə əxilik Azərbaycanda sənətkarlığa aid müxtəlif məsələləri birlikdə müzakirə etmək üçün öz zaviyələrini yaratmış, siyasi-mədəni qüvvəyə çevrilmişdir.
Lalə Azəri