Bir Çin atalar məsəlində deyilir: “Bu qısa ömrü əbədi həyat kimi yaşamaq lazımdır”
   
   O, bəxtli və iradəli bir insandır, həyatında yüksəlişlərlə yanaşı, enişlər olanda belə həyat eşqini heç vaxt itirməyib...
   O, böyük insandır, sadəliyi, müdrikliyi ilə ətrafındakı insanların rəğbətini qazanıb...
   O, əsl ziyalıdır, xeyirxah əməlləri ilə ətrafını, çevrəsini daima işıqlandırıb...
   O, təvazökar insandır, başqaları haqqında ürəkdolusu danışsa da, özü haqqında susmağı bacarıb...
   ...və ən nəhayət, o, qələm adamıdır, uzun illər müxtəlif vəzifələrdə çalışsa da, jurnalist peşəsinin ağırlığını çiyinlərində ləyaqətlə daşıyıb...
   
   Ömrünün 80-ci qızıl payızını yaşayan Milli Aviasiya Akademiyasının ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şəmsəddin Axundov nəcib, xeyirxah əməlləri ilə kifayət qədər tanınan, sevilən ziyalılarımızdan biridir. Keçdiyi mənalı və zəngin ömür yolu onun bütöv şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb.
   Şəmsəddin Axundov 1932-ci il dekabrın 3-də Bakı şəhərində sadə bir ailədə dünyaya göz açıb. Paytaxtımızdakı 51 nömrəli orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) jurnalistika şöbəsinə daxil olub. 1956-cı ildə universiteti bitirdikdən sonra müxtəlif dövlət qurumlarında, ictimai-siyasi təşkilatlarda işləyib. Harada işləməsindən, hansı vəzifədə çalışmasından asılı olmayaraq, mənəvi keyfiyyətləri, yüksək intellekti, peşəkarlığı ilə seçilib.
   1956-1965-ci illərdə Mədəniyyət Nazirliyində metodist-inspektor, baş metodist, şöbə müdiri vəzifələrində çalışıb. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, sədr vəzifələrində çalışan Ş.Axundov 1969-1981-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında şöbə müdiri işləyib. Hər bir oxucunun sevimli məkanına çevrilən və hamımızın yaddaşında məbədə dönən M.F.Axundzadə adına Milli Azərbaycan Kitabxanasının Şəmsəddin müəllimin əmək bioqrafiyasında ayrıca yeri var. 1981-1987-ci illərdə Milli Kitabxananın elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Tale elə gətirib ki, sonra yenidən Mədəniyyət Nazirliyinə qayıtmalı olub. Bu dəfə isə ona daha məsul işlər həvalə edilib. 1988-ci ildə nazirliyin mədəni-maarif müəssisələri idarəsinə rəis təyin olunan Şəmsəddin Axundov daha sonra müxtəlif vəzifələrdə çalışıb, nazir müavini vəzifəsinədək yüksəlib.
   Səksən yaşlı yubilyarın əməyi layiqincə qiymətləndirilib. O, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” ordenləri, “Əlaçı mədəniyyət işçisi” medalı ilə təltif edilib.
   Artıq bir neçə ildir ki, Şəmsəddin Axundov Milli Aviasiya Akademiyasında çalışır. Bu ali təhsil ocağında Aviasiya Tarixi Muzeyinin fəal qurucularından biri və ilk direktoru olub. Hazırda akademiyanın ictimaiyyətlə əlaqələr üzrə prorektorudur. Ömrün müdrik çağında gənclərlə işləmək Şəmsəddin müəllimə zövq verir.
   Bu yubiley günlərində Şəmsəddin müəllimə ünvanlanmış təbriklər sırasında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin təbrik məktubunda deyilir: “Siz yaşınızın bu müdrik çağında da Milli Aviasiya Akademiyasının uğurlu fəaliyyəti naminə yorulmaq bilmədən çalışır, bilik və bacarığınızı əsirgəmirsiniz. Elə sizi kollektiv üzvlərinə sevdirən də bu keyfiyyətinizdir. Bir daha sizə uzun, sağlam ömür arzulayırıq”.
   C.Füllerin belə bir sözü var: “Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır”. Bu mənada Şəmsəddin Axundov yüz il yaşasa, yenə azdır. Çünki o gərəkli insan, yaxşı işçi, gözəl dost, əvəzsiz ata kimi bu dünyada öz üzərinə düşən missiyaları layiqincə yerinə yetirib.
   C.Santayana isə deyirdi ki, həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. Ömrün 80-ci payızından üzü bahara yeni bir yol başlayır. Bu çətin imtahanda Şəmsəddin Axundova mənalı ömrünün barını-bəhrəsini dərməyi arzulayırıq.
   
   Təranə Vahid