14 sentyabr
   İtalyan ədəbi dilinin banisi olan Dante qədim zadəgan nəslindəndir. 1265-ci ildə Florensiyada doğulmuşdur. Boloniya universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır.
   Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şeirlər yaratmışdır. 1304-1307-ci illərdə Dante fəlsəfi-əxlaqi əsərlər yazmışdır. "Ziyafət" əsərində insan idrakının müstəqilliyi və azadlığı müdafiə olunur. "Monarxiya haqqında" (1312-1313) siyasi risaləsində vahid ümumdünya monarxiyası ideyası insanların əmin-amanlığını, ictimai ədaləti təmin edə biləcək dövlət quruluşu kimi müdafiə edilir. Dante yaradıcılığının zirvəsi xələfləri tərəfindən "İlahi komediya" adlandırılmış "Komediya" (ehtimala görə, 1307-1321) poemasıdır. Əsərdə dini təsəvvürlərə görə üç hissədən ("Cəhənnəm", "Əraf", "Cənnət") ibarət axirət dünyasına səyahət təsvir edilir. Xristianlığın əsas ehkamı üqnum ilə əlaqədar 3 rəqəmi və onun müxtəlif hasilləri əsərin quruluşuna, məzmununa güclü təsir göstərmişdir. Poema 3 hissədən, hər hissə 33 nəğmədən ibarətdir. Əsərdəki rəmzlərin 3 mənası (hərfi, dini-əxlaqi və siyasi) var. Dante italyan xalqının arzu və istəklərinin ilk carçısıdır. Daxili çəkişmələr nəticəsində zəifləmiş İtaliya və Florensiyanın tarixi taleyi üçün narahat olan Dante papa və kardinalları "Cəhənnəm»də, öz dostlarını isə "Cənnət»də yerləşdirir. Əsər dünya dillərinin çoxuna, o cümlədən Azərbaycan dilinə də tərcümə olunmuşdur. Dante 14 sentyabr 1321-ci ildə, “İlahi komediya”nın son hissəsi olan “Cənnət»i yazıb bitirdikdən bir saat sonra vəfat edib.
  
   15 sentyabr
    Məşhur türk romançısı Orxan Kamal 1914-cü Adananın Ceylan qəsəbəsində doğulmuşdur. Millət vəkili olan atası Əbdülqadir Kamal siyasi səbəblərdən 1931-ci ildə vətəni tərk etdikdən sonra Orxan da orta təhsilini yarımçıq qoyaraq Suriyaya getməli olur. Burada o, mətbəə işlərində çalışır. Bir il sonra isə təkbaşına Türkiyəyə dönən gələcək romançı Adanada fabrikdə işləyir. Bir çox romanlarının da ideyası elə bu illərdə yaranır. Ailə həyatı qurduqdan sonra əsgərliyə çağırılan O.Kamal, xidmət dövründə M.Qorkinin və N.Hikmətin qadağan edilmiş kitablarını oxumaqda günahlandırılaraq 5 illik həbs cəzasına məhkum edilir. Tale elə gətirir ki, Bursada dustaq olan Orxan elə burada Nazim Hikmətlə qarşılaşır. Bu görüş sayəsində Nazimin təsiri ilə o, şeir yazmağı nəsrlə əvəzləyir. Eyni zamanda ondan fransızcanı öyrənir, siyasət və fəlsəfə dərsi alır. İlk nəsr nümunələrini isə Orxan Rəşid imzasıyla yazır. Həbsdən çıxdıqdan sonra isə yenicə doğulan oğlunu müəlliminin şərəfinə Nazim adlandırır. O.Kamalın əsərlərinin mövzusunu əsasən cəmiyyətin yoxsul təbəqəsinin həyatı təşkil edir. O, küçədəki adamların həyatını təsvir edir, onların ağır sosial yaşamına diqqət şəkir. “Çörək davası”,”Arxa küçə”, “ Sərxoşlar”, “İşsiz” və sairə hekayələri məhz bu qəbildəndir. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Dövlət quşu” və sairə romanları ona geniş oxucu kütləsi qazandırır. O.Kamal 1970-ci ildə Bolqarıstanda səfərdə olarkən xəstəxanaya düşür və burada vəfat edir. Ölümündən sonra İstanbulda yazıçının muzeyi açılır və onun xatirəsinə hər il roman müsabiqəsi təşkil olunur.
  
   26 sentyabr
   XX əsr modern poeziyasının parlaq nümayəndələrindən olan Tomas Eliot 26 sentyabr 1888-ci ildə ABŞ-n Missuri ştatında dünyaya göz açmışdır. Şairliklə bərabər, ədəbi nəzəriyyəçi kimi də fəaliyyət göstərmişdir. ABŞ-da Harvard Universitetini bitirən Eliot sonradan İngiltərəyə köçərək burada bank sektorunda işə düzəlir. Sonra isə “Faber və faber” nəşriyyatını quraraq peşəkar surətdə ədəbiyyatla məşğul olur. Onu şeirləri modern düşüncənin məhsulu olaraq zamana bağlılığı, zamanın dəyərlərindən qaçmaq meyilləri ilə seçilir.”Norton”,”Sevgidən qaçış” və sair şeirləri buna bariz nümunədir. Bir misrası isə dövründə daha çox sitat gətirilirdi.“Bəziləri işığın, bəziləri kölgənin izinə düşdü”.
   Eliot 1965-ci ildə vəfat edib.
  
   30 sentyabr
   Mövlanə Cəlaləddin Rumi (Rumi adı ona Anadoluya yerləşib orada yaşadığı üçün, "Əfəndimiz" mənasına gələn Mövlanə isə özünə qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) indiki Əfqanıstanın Bəlx şəhərində 1207-ci ildə anadan olmuşdur. Rumi o dövrün İslam mədəniyyəti mərkəzlərindən biri sayılan Bəlx qəsəbəsində müəllimlik edən və Sultan-ül Üləma (alimlər sultanı) ləqəbi ilə tanınan Bəhaəddin Vələdin oğlu idi. Bəhaəddin Vələd 1214-1217-ci illər arasında ailəsi ilə birgə Anadoluya köçür. O, bütün ömrünü həmin vaxt Səlcuqların paytaxtı olan Konya şəhərində keçirir, orada da dəfn edilir. Atası Bəhaəddin Vələdin ölümündən bir il sonra, 1232-ci ildə Konyaya gələn Seyid Bürhanəddin Mövlanənin tərbiyəsi ilə məşğul olmuş, doqquz il ona təlim keçmişdir. Rumi 38 yaşında olarkən 60 yaşlı İslam piri adlandırılan Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir. Şəmsə qeyri-adi bir məhəbbətlə bağlanmış Cəlaləddin onu Tanrı səviyyəsində ilahiləşdirir. Bir gün Şəms sirli şəkildə qeyb olarkən, Cəlaləddin sarsılmış və müəlliminə olan məhəbbətini, onun itməsindən doğan kədər və həsrətini bədii əsərlərində - məsnəvilərdə, rübai və qəzəllərində ifadə etmişdir. Nizami, Xaqani kimi, türk oğlu olan Rumi də şeirlərini fars dilində yazmışdır, türk dilində yalnız bir neçə şeiri və farsca-türkcə müxəmməsi qalmışdır. Mövlanə 1273-cü ildə vəfat etmişdir. O, İslam dinini şeir, sənət yoluyla incələyən böyük filosof olaraq dünyanın fikir tarixinə də böyük təsir göstərmişdir. İngilis şərqşünası A.J. Arberr onu “dünyanın ən böyük ozanı” adlandırmış, Höte məsnəvilərində böyük ilham aldığını söyləmiş, Rembrandt tablosunu çəkmişdir. İngilis şərqşünası Nikolsonun 30 il müddətinə çevirdiyi Rumi məsnəviləri ingilis dili vasitəsilə bütün dünyaya yayılmışdır.  

  Sabutay







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar