Homer: “Tarix türklərdən çox şey öyrəndi”
   Jorjino: “Xaç türklərin boynunda olsaydı, o, dünyanın sahibi olardı”

   
   “Türklərin mədəniyyət tarixinə baxış” adlı araşdırmamız dərc olunandan sonra yazıçı Əlisa Nicat “Hürriyyət” qəzetində çıxış edərək, istər şumerlərlə bağlı alimlərin təqdim etdiyimiz qənaətləri haqda, istərsə də göstərdiyimiz iqtibas və qaynaqların legitimliyi barədə şübhə toxumu səpməyə çalışmışdır. O səbəbdən də mövzu ilə bağlı oxucularımıza həm əlavə tarixi bilgilər verməyi və həm də qaynaqların rəsmiliyini diqqətə çatdırmağı zəruri hesab edirik.
   
   
   Opponentimiz bizi “təkzib” etməyə cəhd edərkən ilk öncə mənim professor B.Şəfizadədən gətirdiyim “Qatlar”ın məzmunu da “erkən əkinçilik və maldarlıq dövrü” adlanan və e.ə. 11-9 min il bundan əvvələ təsadüf edən hadisələri təsdiq edirsə, yunan və roma müəllifləri də maqların və Zərdüştün Troya müharibəsindən və Platondan 5-7 min il əvvəl yaşadıqlarını deyirlərsə - daha nə lazımdır?...” sitatında göstərilən tarixləri şübhə altına almağa çalışır.
   Bizim prof. B.Şəfizadədən iqtibas etdiyimiz “Qatlar”ın məzmunu ilə bağlı bu fikrin səhihliyinə inanmaq istəməyənlərə qaynağı və onun statusunu açıqlamağa məcburuq:
   [Baloğlan Şəfizadə. Azərbaycan ədəbiyyatı tarixi (Ən qədim dövrlər). Bakı, 2003, səh.23.; Rəyçilər: filologiya e.d., prof. A.Rüstəmova və filologiya e.d., prof. N.Araslı; xüsusi red.: AR Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “Lüğət və Terminologiya” şöbəsinin müdiri, filologiya e. d. İ.Məmmədov. Qeyd: kitab AR Təhsil Nazirliyi tərəfindən nəşr olunmuşdur!].
   Opponentimiz növbəti bir “təkzib” məktubunda, prof. B.Şəfizadədən iqtibas gətirdiyim yuxarıdakı sitaturdakı “Zərdüştün Platondan 5-7 min əvvəl yaşadığı” haqda fikrə irad bildirərək yazır: “...Şəfizadə olanda nə olar, bu səhv fikirdir. Ona görə onu təkrar etməyə dəyməz. Bütün ensiklopediyalara görə, mənbələr Zərdüştün eradan qabaq VII-VI əsrlərdə Savalan ətəklərində doğulub-yaşadığını və sonra da Baktriyaya köçüb getdiyini yazır”.
   Əvvəla, nəzərə almaq lazımdır ki, prof. B.Şəfizadə bu mülahizəni bir fərziyyə kimi yazmayıb. Məqaləmdə ondan gətirmiş olduğum iqtibasa diqqət yetirdikdə, bu aydın olur: “...yunan və Roma müəllifləri də maqların və Zərdüştün Troya müharibəsindən və Platondan 5-7 min il əvvəl yaşadıqlarını deyirlərsə - daha nə lazımdır?...
   A.A.Toxe-Qode “Avesta”nın Homerin “İliada” və “Odisseya”sına təsirindən danışıb. D.Laerti isə Zərdüştün Troya müharibəsindən beş min il əvvəl yaşadığını yazır: əgər Troyanın süqutu b.e.ə. 1184-cü ildə olubsa, Zərdüşt b.e.ə. 7-ci minillikdə yaşamış olur. Yenə də bizim irəli sürdüyümüz hipotez doğrulmuş olur...”
   B.Şəfizadəyə məxsus bu sitatdan göründüyü kimi, o, yunan və Roma müəlliflərinə əsaslanır, A.A.Toxe-Qodeyə, D.Laertiyə və başqalarına istinad edir. Homerin yaşam tarixi e.ə. 12-7 yüzilliklərdə, Troyanın süqutu isə b.e.ə. 1184-cü ildə baş vermişdisə, ensiklopediyaların Zərdüştün eradan qabaq VII-VI əsrlərdə doğulub-yaşadığını yazması nə dərəcədə məntiqidir?! Və opponentimiz nədən həmin ensiklopediyaların Zərdüştün yaşam tarixi haqqında B.Şəfizadənin versiyası ilə uzlaşan bir versiyanı da təqdim etdiyinə toxunmur?! - ASE-də bu barədə deyilir: “Yunan və Roma müəlliflərinin çoxu (diqqət edin: bəziləri də deyil, çoxu! -X.İ) hesab edir ki, Zərdüşt e.ə. altı min il, bəlkə də daha əvvəl yaşamışdır.” (ASE, IV c., Bakı, 1980, s.323-324). Doğrudur, daha sonra, “bu da yəqin ki, zərdüşti kosmik xronologiyasına - maqların işləyib hazırladıqları dünya mərhələləri təliminə əsaslanan anlaşılmazlığın məhsuludur... antik mənbələrdən yalnız belə bir nəticə çıxarmaq olar ki, peyğəmbər çox qədimlərdə yaşamışdır,” -deyə o mülahizə şübhə altına alınaraq, əsas versiya kimi e.ə.1000-600 illər götürülür (ancaq bu “yəqin ki” heç nə ilə əsaslandırılmır! Əsl fərziyə elə bu “yəqin ki”nin özüdür! -X.İ.) (ASE, IV c., B., 1980, s. 324).
   Ancaq həmin ensiklopediyalar B.Şəfizadənin və onun həmfikirlərinin mülahizələrindən doğan suallara aydınlıq gətirə bilmir (Bu yaxınlaradək bir çox ensiklopediyaların millətlərin, mədəniyyətlərin tarixinə dair mübahisəli məsələləri azad şəkildə, tarixi gerçəklərə söykənərək qələmə alan tədqiqatçıların düşüncə, mülahizə və konsepsiyalarını əks etdirmədiyi heç kəsə sirr deyil. Bəzi məmləkətlərdə bu meyillər hələ də davam edir -X.İ.). Necə ola bilər ki, Homer ona təsir edən Zərdüştdən əvvəl yaşasın?! Necə ola bilər ki, Troyanın süqutundan (b.e.ə. 1184-cü il) 5-6 əsr sonra doğulan Zərdüştün yaşam tarixini əcnəbi müəllif D.Laerti (heç bir özəl və ya etnik marağı olmaya-olmaya) birdən-birə Troya müharibəsindən beş min il əvvələ atsın?! Bundan başqa, əksər qədim yunan və Roma müəllifləri o qədərmi “kəmsavad” və “diletant” idilər ki, Troyanın süqutundan 5-6 əsr sonrakı hadisələrin mənzərəsi ilə Troya müharibəsindən beş min il əvvələ aid olayların cizgilərini səhv salsınlar?!..
   “Alimlərin əksəriyyəti “Avesta”nın ilkin variantının yaranmasını və zərdüştiliyin tarixini Midiya (e.ə. VII əsrin sonu - e.ə. VI əsrin 1-ci yarısı -X.İ.) və Əhəməni (e.ə. VI əsrin ortaları - e.ə. 330-cü il -X.İ.) imperiyalarından çox-çox qədimlərə aparırlar. Məsələn, “Qatlar”ın yaranma tarixi b.e.ə. III minilliyə aid edilir. “Qatlar”ın mətni isə bundan xeyli qədimlərdə yazıldığını təsdiq edir. Əgər belədirsə, ola bilməzdi ki, böyük bir ədəbi abidənin müxtəlif hissələri müxtəlif zamanlarda yaranmış olsun. İranda indi də qalan “Zərdüşt kəbəsi”nin də əhəmənilərdən əvvəl tikildiyini qeyd edirlər (V.Q.Lukonin).
   V.İ.Abayev (ASE-nın”Zərdüşt” və ”Zərdüştilik” məqaləsilə bağlı istinad etdiyi müəlliflərdən biri; digər bir müəllif İqrar Əliyevdir, qalanları isə Avropa və rus müəllifləridir - X.İ.) bəzən mövcud fikirlərin əksinə olaraq, “Avesta”nın ən qədim əlan hissələrinin belə e.ə. I minilliyin birinci yarısından qədimdə yaranmadığını qeyd edir ki, bu zaman tarix böyük imperiyalar dövrünü çoxdan yaşayırdı. Bu da “Qatlar”ın təhrif olunmuş məzmunu ilə belə qətiyyən uyuşmur. Halbuki Abayev özü bu fikirdədir ki, “Qatlar”ın məzmununda şəhər mədəniyyətinə işarə belə yoxdur”. (Bax: Baloğlan Şəfizadə. Azərbaycan ədəbiyyatı tarixi (Ən qədim dövrlər), B., 2003, s.19-20).
   Göründüyü kimi, V.İ.Abayev, bununla da, zərdüştilik tarixi ilə bağlı vermiş olduğu hökmü özü inkar edir...
   Azərbaycanlı araşdırmaçı İ.Sadıq da türk yazılarının cavanlaşdırılması” meyillərinə qarşı etiraz edərək yazır: “Türkün qədimliyi deyəndə, onun mədəniyyəti haqqında düşünəndə alimlərin xəyalları çox zaman Orxon-Yenisey yazılarında ilişib qalır... Ancaq həmin yazıların da tarixi hələ tam dürüstlüyü ilə üzə çıxarılmamışdır. Onların hamısı yanlış olaraq V-VIII əsrlərə aid edilmişdir. Halbuki Saymalı-Daş abidələri arasında e.ə. III minilliyə aid yazılar var. Tyan-Şan dağlarının Saymalı-Daş dərəsində tapılmış bu abidələrdəki rəsmlərin və yazıların bir qismi saklara (e.ə. I minilliyə), bir qismi e.ə. üçüncü, hətta dördüncü minilliyə aiddir”. (Novqorodova E. Put na qoru solntsa. «Vokruq sveta». 1988, №11, s. 17 ; Şer Y.A. K interpretatsii syujetov nekotorıx petroqlifov Saymalı-Taşa. KV. Leninqrad, 1978, s.164-165; İslam Sadıq. Şumerdə izim var mənim., Bakı, s. 4).
   Bütün bu deyilənlərdən belə nəticə hasil olur ki, mübahisə doğurmayan məsələləri çıxmaq şərtilə dünyanın tarixi yenidən yazılmalıdır (yeri gəlmişkən, bu təkliflə prof. E. Əlibəyzadə rəsmən şıxış etmişdir)!
   * * *
   Opponentimiz “təkzibnamə”sinin başqa bir yerində “türklük” anlayışını da dolaşdıraraq yazır: “...Şumerlər türk olmayıblar, eləcə də, necə ki, sözün əsl mənasında biz və osmanlılar və ya başqaları türk deyilik və deyillər. Türklər Orxon-Yenisey, yəni Göy türklərdir və onlar irqən Monqoloid olublar. Biz və osmanlılar isə Yevropeidik, ona görə türk adlana bilmərik (? -X.İ.). Türkdilli, daha doğrusu, türk dilləri ailəsinə daxil olanlarıq, necə ki, şumerlər, osmanlılar, özbəklər, altaylılar və s.
   Biz irqcə şumerlərin varisləri, qohumları da ola bilmərik. Necə ki, Orxon-Yenisey türkləri şumerlərin varisi və ya şumerlər onların əcdadı deyillər. Amma əgər “türk” adı Ural-Altay dilləri qrupuna verilən şərti ad kimi götürülsə, onda türk adlana bilərik, eləcə də şumerlər. Yalnız şərti və nadir hallarda. Çünki hər xalqın öz adı var, eləcə də elə şumerlərin də”...
   Əvvəla, “Türklər Orxon-Yenisey, yəni Göy türklərdir və onlar irqən Monqoloid olublar,” -fikri yanlışdır. Çünki Orxon-Yenisey abidələrinin qədim kurıqan, qırğız, oğuz, Şərqi Türk, Qərbi Türk, uyğur xaqanlarına (Monqolustan ərazisində hökmranlıq edən -X.İ.), uyğur dövlətinə (Şərqi Türküstan), xəzərlərə, peçeneqlərə məxsus olduğu bildirilir. İndiki anlamda Şimali Monqolustan ərazisinə düşən (Orxon) Türk xaqanlığı dönəmində (Orxonda və başqa bitişik bölgələrdə: Yenisey, Lena-Baykal, Altay, Şərqi Türküstan, Orta Asiya və hətta Şərqi Avropada); ondan öncəki və sonrakı Türk dövlətləri zamanında türklərin yaratdığı abidələrdən bəhs olunur! Ərazidən deyil! (Bir də ki ərazi məsələsinə qalsa, o dönəmlərdə həmin bölgələrin də türk ərazisi olduğunu inkar edən dəlillər ortada yoxdur.) Elə isə, indiki Çin dövlətinin quzeyində yaşayan uyğurlar çinlilər (yəni “xan”lar nəzərdə tutulur) kimi monqoloidmi olmalıdırlar? - Xeyr, uyğurlar xalis avropoiddirlər (monqol tayfalarının bir qismi türk dilini qəbul edərək, türklərə qaynayıb-qarışarsa və hətta zaman-zaman türkləşərsə, bu ayrı məsələdir; belə xüsuslar bizim türklüyümüzü əlimizdən ala bilməz, əksinə onu daha möhtəşəm, daha güclü və daha şərəfli bir etnos kimi təqdim etmiş olur -X.İ.)...
   [Yeri gəlmişkən, onu da xatırladaq ki, XIX əsrin sonundan etibarən türk yazılı abidələri kimi təsdiqlənmiş Orxon-Yenisey abidələri (öncəki ikiyüzillik ərzində -X.İ.) səhv olaraq qədim yunanlara, qotlara, keltlərə, skiflərə, slavyanlara aid edilmişdi”. (ASE, VII c., B., 1983, s.383; ASE, IX c., B., 1986, s.429)]...
   Turan etno-linqvistik dillər qrupundan söz etdikdə isə bura türk, monqol, hunqar və fin dilləri daxildir (sonralar bu, opponentimizin dediyi Ural-Altay dilləri qrupu adlandırıldı, ancaq özü də bildiyi kimi, bu adlandırma şərtidir, çünki həmin qrupa daxil edilən bəzi dillər (saam, Pribaltika-fin dilləri) iltisaqi deyil, flektiv ünsürlü dillərdir-X.İ.). (ASE, I c., B., 1976, s.276-277; ASE, IX c., B., 1986, s.458 Tariyel Azərtürk. Mixi yazıların mənşəyi, kimindir onlar?, Sietl (ABŞ), 2002, s.14). Deməli Ural-Altay dilləri qrupuna verilən şərti ad “Turan”dır, “türk” deyil. Yəni “türk” “Turan” dilləri qrupuna aid olunmuş ən birinci, dominant dilin adıdır, hərçənd “Turan” sözü özü də “türk” sözündən törəyib, ancaq o türklərin yaşadığı arealı ifadə edir. Bizim üstünlüyümüzlə formalaşmış dil qrupu anlayışı da türklüyümüzü əlimizdən almır, əksinə... Ona görə opponentimizin bu haqdakı şərti mülahizəsi də yanlışdır: başqa sözlə, biz qeyd-şərtsiz türkük! ( Ancaq qeyri-peşəkar yanaşmaya, subyektiv eqoizmə gəldikdə isə, bu, hər kəsin şəxsi işidir: kim istəyir özünü monqol kimi təqdim edə bilər!)
   * * *
   Şumer mətnləri ilə türklüyün bağlılıq dərəcəsi haqda müəyyən təsəvvür əldə etmək üçünsə, bu yöndə uzun illər araşdırmalar aparan T. V. Nüvədilinin tədqiqatlarının bəzi ümumi cizgilərinə nəzər salaq: “...O, Amerikada ingilis dilində nəşr etdirdiyi “The Turkic World -Türk Dünyası” elmi jurnalında çap elədiyi tədqiqat nəticələrində Şumer dilindəki sözlər, adlar, ifadələrlə Azərbaycan-Türk dili söz və ifadələrini 5 yöndə izləyir, araşdırır: 1) bəzi ümumi mülahizələr, 2) tanrıların adları, 3) Şumeriya və Arratada yer adları, 4) Şumer-müasir Türk sözlüyü və nəhayət, 5) Gil yazılardan oxunub artıq tərcümə edilmiş Şumer mətnlərinə bilavasitə bir daha nüfuz...
   
    (ardı gələn sayımızda)
   
   Xaqani İSMAYIL