Sən dünyanın - Məmməd Araz!
Hər duyğunu hamıdan öncə və hər kəsdən incə duyan, hər mətləbi hər biləndən yaxşı bilən, saymaqda mahir fələyin hesabından yayındırılanları belə öz fəhmi gücünə tapıb xalqın ayıqlıq hesabatına, mənəvi bankına sayan Məmməd Araz...
Və hər şeyi belə duya-duya, bilə-bilə, saya-saya - hələ ömrünün sonuna neçə illər qalmışdan «Bu da belə bir ömürdü - yaşadım...» deyə bu dünyasına «xitam» verən, alın yazısına qələm qoşan Məmməd Araz!..
Mənim Məmməd Arazım...
«O zamanmı bitdi bizim dilimizin «sənin»-«mənim» damarı da, O zamanmı bitdi bizim dilimizin «haralısan» qabarı da?!»
Bu qədər Azərbaycançı, din-imançı, türk-turançı misralardan sonra, indi gəl, izahat ver görüm, necə yəni «mənim Məmməd Arazım»?! Bu sual hər şeydən agah və arif olmayan oxucudan kənarda şərhə-bəyana gələn deyil. Çünki Məmməd Araz nə qədər ümumxalq, ümumvətən olsa da, hər kəsin ayrıca bir Məmməd Arazı var...
Mən onu 60-cı illərin sonunda - doğulduğum Arazboyu rayonda bünövrəsi qoyulan «Arazstroy» tikintisi ərəfəsində oxuduğum «Araz axır» kitabından tanımağa başlamışam. Sovetlərdən qaçaq düşüb Arazın o tayına keçənlərini ağlayan nənələrimizin göz yaşları ilə bu poemadakı bir çox misraların üst-üstə düşdüyü məqamlardan tanımışam. Biz tay-tuşlar Araz çayı üstdə salınmış Sovet-İran işıqlarına baxıb ümidlənən o nənələrə o kitabdan oxuyanda ki; «Eh, işıqlar da ayrılığa öyrəşəcək, Yükünü çək, dəvə qardaş, yükünü çək...» - o arvadların yanaqlarından yaş süzülürdü...
Bir müddət keçmiş hamının payına düşən paytaxtımıza gəldim, onun sözündən sonra özüylə də tanış oldum. Bir tələbə-əqidə dostumla hər Novruz bayramında o vaxtın «məşhur» kağız torbalarından birini mer-meyvəylə doldurub, onu ziyarətə gedir, onun şeirlərilə nəfəs aldığımızı bildirir, bu kimi təbii təriflərdən həyəcanlanıb titrəyən əllərinə, düşüncələrinə, milli azadlıq arzularına sığal çəkməyə çalışırdıq. Bu gedişlərimizin birində soruşduq ki, niyə «Yer üzünün Qarabağ düzü», «Kür Salyana qovuşur» kimi publisistik yazılarına ara verib? Dedi: «Bu dəftərçəyə baxın, bu səpkidə 50 mövzu gözaltılamışdım, heyf ki, xəstəlik...» Dedik, Məmməd müəllim, niyə təəssüflənirsiniz, görünür, «ali» xəstəliklər də özünə ali canlar arzulayır də. Ki, həmin ali can sahibi deməsin «heyf, kababla keçirəcəyim günlər!», «eyş-işrətli dövranlarım!». Qoy biri də desin «heyf, ey yazmadığım mövzular!», «yaza bilməyəcəyim şeirlər!..»
Sənin Məmməd Arazın...
Bu «sən» ki var, o qədərsən ki! Minlərlə, milyonlarlasan... İndi mən hansınıza dilmanclıq edim, hansınızın Məmməd Arazınızdan söhbət açım? Səninmi, - Aydın Qurbanlı, səninmi, - Kamil Heydəroğlu, Nadir Diridağlı, Əlipənah Bayramlı, İsrafil Qurban, Ənnağı Hacılı, Tahir Aydınoğlu, Ülviyyə Familqızı, Mirzə Dəmirli?..
Qoy sənin - rəhmətlik Mirzə Dəmirli, sənin Məmməd Arazından bəhs edim bir az. Ruhun da şad olar. Necə ki, onun «Məndən ötdü...» şeiri «Azərbaycan» jurnalında çap olunan günün sabahısı şadlığından yataqxanada yekə bir qazan asıb, Vətənə, millətə dəxli olan tələbələri başına yığdın. O şeiri bəlağətlə oxuyub, o tay-bu tay Azərbaycanın artıq bu poetik möhürlə birləşdiyini elan etdin. Sonra o taylı tələbə yoldaşımız Rəhim Huşiməndinin «Mirzə, əgər Azərbaycan reallıqda da birləşsə, neylərsən» sualına «nağıllarda su verməsi üçün hər gün bir gözəl istəyən əjdahanın bir günlük övnəsi kimi - özümü Araza atıb qurban gedərəm!» - dedin.
Onun Məmməd Arazı...
«O» da çoxdu, təkcəmiz Məmməd Araz! Yaman çoxdular. Sənin bugünədək çap olunmuş 25 kitabının 5 min 5 yüz səhifəsindəki hərf-işarələrdən də çoxdular. Onların yolu dağa-daşa düşəndə çox vədə sənin dilinlə danışırlar: «Danış görək, a daş qardaş!» deyirlər. «Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, sıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən, Salamat qal, salamat..» deyirlər. Elə ki onlara bir kədər üz verdi, sənin kimi azaylanırlar: «Bu axşam... Özümdə yoxam bu axşam, Ağlı kəsilməmiş kəsilmiş başam, Ey ilham pərisi, varsansa əgər, Bu axşam üstümə qanadını gər...»
Onlar «Gözünü sıx, hansı daşda su yansa, O daş altda Məmməd Araz yaşayır» kimi misralarından ruhlana-ruhlana Fəxri Xiyabana - səni ziyarət etməyə gedib görürlər ki, məzar daşlarının birinin üstündə belə yazılıb: «Bu daş altda Məmməd Araz yaşayır...»
Arazın Məmməd Arazı...
Mən Araz üstündə bitən çinardım,
Ömrüm boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım -
Məmməd Araz karandaşı göyərdi...
...Və bütün Azərbaycanın Məmməd Arazı!
Azərbaycan - mayəsi nur,
qayəsi nur ki,
Hər daşından alov dilli
ox ola bilər.
«Azərbaycan!» - deyiləndə
ayağa dur ki -
Ana yurdun ürəyinə
toxuna bilər...
Azərbaycan Prezidentinin 11 mart 2010-cu il sərəncamı ilə Bakı küçələrindən birinə sənin adın veriləcək, yaşadığın binaya xatirə lövhən vurulacaq, Məmməd Araz!
Bu məqamda «Heykəlimlə söhbət» şeirin yadıma düşdü. O poetik abidə-şeirində bir çox əsrarəngiz duyğu və mənalarla bahəm, belə bir nüansa da toxunursan ki, «mən hara, heykəl hara?..» Bəs bu abidə nədi, şair? Çox yəqin ki, 3 ildən sonra - sənin 80 illiyinin tamamında heykəlin də ucalacaq, uca ustad!
Ruhun şad!..
Tahir Abbaslı